“Əgər vəd edilənlər vaxtında çatmasa...” – Dalana dirənmiş MÜHARİBƏ
“Vəd edilənlər vaxtında çatmasa, Ukrayna üçün çox çətin olacaq”.
Bu sözləri Rusiyanın Ukraynaya kütləvi dron və raketlərlə zərbələr endirməsi və müharibənin hazırkı mərhələsini Yenicag.az-a şərh edən hərbi ekspert Rövşən Məhərrəmov deyib.
O, bildirib ki, Rusiya genişmiqyaslı hücuma hazırlaşır:
“Rusiyanın payız aylarında genişmiqyaslı hücuma keçəcəyi barədə kəşfiyyat məlumatları vardı. Ruslar artıq bütün cəbhə boyu hücumlara hazırlaşır. Ukrayna ordusu da açıqladı ki, Rusiya Nikolayev və Odessanı da öz ərazisi kimi görmək istəyir. Rusiya bunu heç vaxt gizlətməyib. Hətta Rusiyadakı prezident seçkilərində Putinin təbliğatı zamanı Odessanın Rusiyaya qaytarılacağı qeyd edilirdi. Ona görə də burda qeyri-adi bir şey yoxdur. Rusiya Nikolayev və Odessanı da işğal etmək niyyətindədir”.
Onun sözlərinə görə, Rusiya ordusu sentyabrın 7-də rekord sayda – 800-dən çox PUA və ballistik raketlərlə Ukrayna şəhərlərinə zərbələr endirib:
“Hesab edirəm ki, Ruslar bu hücumlarını davam etdirəcəklər. Rusiyaya məlumdur ki, Ukrayna hava hücumundan müdafiə sistemləri ilə bağlı problemlər yaşayır. Ona görə də kütləvi hücumlara start verib. Qərb ölkələri Ukraynaya vəd etdikləri hava hücumundan müdafiə sistemlərini və raketləri vaxtında çatdırlmalıdır. Əgər vəd edilənlər vaxtında çatmasa, ləngimələr baş versə, Ukrayna üçün çox çətin olacaq. Çünki hava məkanının açıq olması rusların əl-qolunu bir qədər də açır. Hesab edirəm ki, yaxın zamanda quruda da genişmiqyaslı hücumların şahidi olacağıq”.
Səxavət Məmməd