İyi bihuş edən bahalı ətirlər, hər cür dəbdəbə, qiyməti yarım milyonu aşan maşınlar, bir oturumluq hesabı 5 nəfərlik ailəni ayboyu bəy balası kimi dolandıracaq restoranlar, gecə həyatı, bir sözlə, rəngarəng günlərdən birbaşa təcridxanada “ağ-qara” günlərə düşmək artıq sabiq deputat Eldəniz Səlimovun aqibətidir.
Sərxoş halda polisi döyən deputat Eldəniz Səlimov kimdir?
Eldəniz Səlimov 1976-cı il oktyabrın 2-də Xaçmaz şəhərində anadan olub. Eldəniz Səlimovnın atası – Adil Səlimov dəmiryolçu olub. 1993-cü ildə Xaçmaz şəhəri 45 №-li tam orta məktəbi bitirib. 1993-1998-ci illərdə Dağıstan Dövlət Universitetində iqtisadiyyat ixtisası üzrə təhsil alan Eldəniz Səlimov rus dilini bilir. Eldəniz Səlimov 2000-2002-ci illərdə Vergilər Nazirliyinin Xaçmaz rayonu üzrə Vergilər şöbəsində dövlət vergi müfəttişi vəzifəsində çalışıb. 2002-ci ildə 1 saylı Ərazi Vergi İdarəsində, 2002-2010-cu illərdə isə 3 saylı Ərazi Vergi İdarəsində dövlət vergi müfəttişi və baş dövlət vergi müfəttişi vəzifələrində çalışan Eldəniz Səlimov 2011-2012-ci illərdə “TexnikaBank” ASC-nin Xaçmaz filialının müdirinin müavini vəzifəsində çalışıb. 2013-2014-cü illərdə Müdafiə Sənayesi Nazirliyinin “Üfuq” İstehsalat Birliyinin Xaçmaz Kondensator Zavodunda mühəndis-iqtisadçı olan Eldəniz Səlimov 2014-2015-ci illərdə Xaçmaz rayon icra başçısının inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində çalışıb. 2010-cu il noyabrın 7-də baş tutan Azərbaycan Milli Məclisinə IV çağırış seçkilərə qatılıb. 55 saylı Xaçmaz şəhər dairəsindən Yeni Azərbaycan Partiyasının (YAP) namizədi kimi Milli Məclisə düşə bilib. O, 2010-2015-ci illərdə Milli Məclisin Aqrar siyasət komitəsinin üzvü vəzifəsində çalışıb. Avstraliya, Yeni Zelandiya, Belarus, BƏƏ, Çin, İtaliya, Qazaxıstan və Lüksemburq parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvü olub.
Onun dəmiryolçu atası Adil Səlimovun da varidatı başından aşır. Adil Səlimovla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi ötən ay məlumat yaymışdı. Məlumatda bildirilirdi ki, Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən aparılan araşdırma zamanı Xaçmaz rayonunun Fərzəlioba kəndində xüsusi mülkiyyətdə olan təqribən 27 hektar sahədə “Qərb Ekol” şirkəti tərəfindən aqrobağ salınması məqsədilə müxtəlifcinsli ağac və kol bitkilərinin kəsildiyi faktı müəyyən edilib. Araşdırma zamanı təbiətə ümumilikdə, 65 040 manat məbləğində ziyan dəydiyi hesablanıb və dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından sənədlər Xaçmaz Rayon Prokurorluğuna göndərilib. “Qərb Ekol” şirkəti ilə mülkiyyət sahibi Adil Səlimov arasında razılaşma əldə edilib və aqrobağın salınması üçün işlərə başlanılıb. Lakin iş aparan “Qərb Ekol” şirkəti tərəfindən aqrobağ salınması üçün qanunamüvafiq sənədləşmə işlərinin aparılmadığı məlum olub.
Ata Səlimovla başlayan ağ-qara zolaq oğul Səlimov üçün daha çətin şəkildə meydana gəlib. Xaçmazı özünə oylaq bilən sabiq deputat növbəti kef məclisində vərdiş etdiyi davranışı sərgiləyib və mandatı da, azadlığı da əlindən gedib. Əlinə qandal vurub onu Bakı İstintaq Təcridxanasına yola salıblar.
Sabiq deputatı hansı kameraya salıblar?
“İçəri”də keçmişdə vəzifə sahibi olmuş birini necə qarşılayıb, necə davranırlar? Adətən bu cür adamlar təcridxanaya gələndə digər təqsirləndirilənlərin reaksiyası necə olur, özlərini necə aparırlar, hansı kameraya salırlar?
“Xural” qəzetinin baş redaktoru, ötənlərdə şərlənərək həbsə alınmış, məhbus həyatı yaşamış Əvəz Zeynallı “Yeni Müsavat”a deyib ki, vəzifəli şəxsin “içəri” gəlişi toy-bayram olur: “Penitensiar Xidmətdə olanlar varlı-karlı birinin həbsə düşməsi xəbərini qazanclarının artması kimi qarşılayırlar. Dustağın özünə gəldikdə isə onun durumu özünü necə aparmasından asılıdır. Adətən onların oradakı vəziyyəti azadlıqdakı vəziyyətlərindən daha yaxşı olur. Penitensiar Xidmətdə hər şey pulladır. Eldəniz Səlimovu tutanda ”içəri”də sevindilər ki, təzə müştəri gəlir”.
Əvəz Zeynallı deyir ki, həbsə alınan hər kəsə, vəzifəsindən, pulundan asılı olmayaraq münasibət ilk növbədə onun özünü necə aparmasından asılıdır: “Dustağın nə işi var onunla? Dustaq üçün onun keçmişdə deputat olub-olmamasının elə də fərqi yoxdur. O, dustağa ilişməsə, özünü pis aparmasa, dustağın xoşuna gəlməyən hərəkətlər etməsə, dustağın onunla işi olmaz. Onu Bakı İstintaq Təcridxanasında aparacaqlar birinci mərtəbəyə. Orada hər kəsin pulunu-parasını verəndən sonra olacaq oranın əziz-xələfi. Hələ bir az da sonra ola bilər ki, ”sançast”a yerləşər ki, daha rahat olsun ona. “Sançast”a gedəndə bir-iki imkansız dustağı alırlar yanlarına ki, onların yeməyini-içməyini versin, onlara qulluq etsin. Yəni belə bir qorxulu şey yoxdur, Eldəniz orada rahat olacaq, dincələcək. Ağlı olsa gündəlik, ya da kitab yazar. Məsələn, mənə çox maraqlıdır ki, bir deputatın günü necə keçir? Əgər pulu varsa, xəsis deyilsə, pul xərcləyəcəksə, orada heç bir problemi olmayacaq”.
Əvəz Zeynallı deyir ki, deputat Eldəniz Səlimov ayda 10-15 min manat xərcləməli olacaq: “Ayda heç olmasa, 10 min manat xərcləməlidir ki, rahat yaşaya bilsin. Bizdən ”karmuşka”nı açıb hava vermək üçün bir manat alırdılar. Deputat isə beş-on manat verməli olacaq. Məsələn, görüşdə bizə “veş”, yemək, içmək gətirirdilər, beş manat alırdılar. Ondan isə 25-50 manat alacaqlar. Eldəniz Səlimov telefon istəsə, ona ayı 5-10 min manata telefon verəcəklər. 24 saat kiminlə istəsə danışacaq. Çanaq antenna qoydurub hansı kanala istəsə baxacaq. Bunun üçün də pul verməlidir”.
Əvəz Zeynallı deyir ki, təcridxanada qayda var – hər ayın 15-də və 30-da imkansız dustaqlar üçün ərzaq, pul yığılır: ““İçəri”də adına 15-30 deyirlər. Hər ayın 15-də və 30-da dustaqlara kömək etmək üçün pullar yığılır orada. Təbii ki, Eldəniz Səlimov da bu qaydaya əməl edib imkansızlara kömək etməlidir. Ağlı olsa, bir az pul xərcləyər, hörmətli olar, olmayacaqsa, dustaq ona “krısa” deyəcək, harada görsə onu mırta tutacaqlar”.
Əvəz Zeynallı deyir ki, dustaqların Eldəniz Səlimova əl qaldıracağına inanmır: “Yox, inanmıram indi keçmiş deputata əl qaldıran olsun. Eldəniz Səlimovun özü də, maşallah, 2010-cu ildə vergilərin bir əməkdaşını döyüb, oradan qovulub. İndi də polisi döyüb. İndi elə bir səhvi olarsa, yanlışı olarsa, yekəxanalığı olarsa, təbii ki, dustaq sındırar onu. Yəni kim olur-olsun, dustağa qarşı hörmətsizlik edilərsə, dustağın sındırmadığı adam yoxdur. Bir az hörmətli olacaq, bir az əli cibində olacaq, yaşayacaq özünə görə. ”Zon”da qalacaqsa, ora gedəndə kasıb-küsuba kömək edəcəksə, imkansız “xata”lara yemək göndərəcəksə, təbii ki, hörmətli olacaq. Dustaq çox amansızdır, həm də ədalətlidir. O görür ki, sən normal insansan, yaxşı insansan, sənin başına dolanacaq. Yox, görür sən yekəxanasan, bir az yuxarıdan aşağı baxırsan, səni sındırıb ayaqlarının altına qoyacaq. Ona görə dustağın özündən asılıdır, amma pulu varsa, məncə, ciddi bir problemi olmayacaq”./Anaxeberinfo/