Əliağalıda atəşkəsin pozulması: “Rus sülhməramlıları tərəf tutur” – ŞƏRH

“Qarabağda Rusiyanın sülhməramlı qüvvələri tərəf tutur və üzərinə düşən missiyanı yerinə yetirə bilmir”.

Bu sözləri Yenicag.az-a açıqlamasında Rusiya sülhməramlı qüvvələrinin Qarabağdakı fəaliyyəti və Ağdamın Əliağalı kəndində atəşkəsin pozulmasını şərh edən keçmiş Dövlət katibi Qabil Hüseynli deyib.

Qabil Hüseynli bildirib ki, sülhməramlı missiya ilə yanaşı 10 noyabrda imzalanan üçtərəfli bəyənatın müddəaları da yerinə yetirilmir:

“Erməni silahlıları Azərbaycan ərazisindən çıxmalı idi. Ancaq buna əməl edilmir. Üstəlik, bölgədə birbaşa Rusiya sülhməramlılarının nəzarət etdiyi ərazidən Azərbaycan əsgərinə atəş açılır, əsgərimiz yaralanır. Atəş açan istər erməni olsun, istər Rusiya sülhməramlı qüvvələrinin nümayəndəsi, kimsə bölgədəki gərginliyi artırmaq, bölgəni yenidən qarşıdurmalara sövq etmək məqsədini güdür. Bütün bunların hamısı sülhməramlı qüvvələrin üzərinə məsuliyyət qoyur. Nə qədər deyilsə də, sülhməramlı qüvvələr bölgədə öz vəzifələrinin öhtəsindən gələ bilmirlər və yaxud gəlmək istəmirlər. Sülhməramlı qüvvələrin bölgədəki yerləşmək missiyasına yenidən baxılmalıdır, və ya Azərbaycan ordusu erməni silahlılarını ərazidən çıxarmaq üçün anti-terror əməliyyatlarına başlamalıdır. Ordu buna hazırdır. Bunu həyata keçirmək üçün müəyyən siyasi mühit yaranmalıdır”.

Səxavət Məmməd