Elşad Mirbəşirli: "Çin üçün İran Venesueladan daha stratejidir, amma...."
“Pekinin birbaşa ABŞ və İsrailə qarşı hərbi əməliyyatlarda iştirak edəcəyi ehtimalı zəif görünür”.
Bunu Yenicag.az-a açıqlamasında Milli Məclisin sabiq deputatı, siyasi şərhçi Elşad Mirbəşiroğlu deyib.
O, Venesuela kimi İranın da Çinin müttəfiqləri siyahısından çıxarılması ehtimalından danışıb.
E.Mirbəşirli bildirib ki, Çin açıq şəkildə ABŞ–İsrail–İran arasında yaranmış müharibəyə birbaşa qoşulmaq niyyətində olmadığını bəyan edib:
“Bununla belə, Pekinlə Tehran arasında uzun illər formalaşmış siyasi və iqtisadi əməkdaşlıq mövcuddur. Bu səbəbdən Çin açıq şəkildə İranın tərəfində çıxış etməsə də, onu tam dəstəksiz qoyacağı ehtimalı inandırıcı görünmür. İranı Venesuela ilə müqayisə etmək də tam doğru yanaşma sayılmır. Hər iki ölkə həm coğrafi mövqeyinə, həm də Çin üçün strateji əhəmiyyətinə görə fərqlənir. Doğrudur, Venesuela uzun müddət Çinin enerji təhlükəsizliyində mühüm rol oynayıb və hətta qarşıdakı onilliklər ərzində də Pekinin enerji tələbatının təminində əsas tərəfdaşlardan biri kimi nəzərdə tutulurdu. Lakin son illərdə bu imkanlar əhəmiyyətli dərəcədə zəifləyib.
İrana gəldikdə isə onun həm geosiyasi yerləşməsi, həm də Çin üçün iqtisadi əhəmiyyəti daha strateji xarakter daşıyır. Pekin İran iqtisadiyyatına böyük həcmdə investisiya yatırıb və beynəlxalq sanksiyalar fonunda Tehran iqtisadiyyatının ayaqda qalmasında Çinin rolu xüsusi qeyd olunur. Buna görə də Çin müxtəlif yollarla İrana dəstəyini nümayiş etdirə bilər. Lakin Pekinin birbaşa ABŞ və İsrailə qarşı hərbi əməliyyatlarda iştirak edəcəyi ehtimalı zəif görünür. Eyni zamanda müasir müharibələrin xarakteri də dəyişib. Bu gün əsasən texnologiyalar yarışır. Çin isə texnoloji potensialına görə dünyanın aparıcı dövlətlərindən biridir. Ehtimal olunur ki, müharibə başlamazdan əvvəl İranla hərbi-texniki əməkdaşlıq çərçivəsində müəyyən dəstək göstərib. Bunun nəticəsi kimi İranın müqaviməti də diqqət çəkir. Xüsusilə 2025-ci ilin iyununda baş vermiş 12 günlük müharibə ilə müqayisədə Tehran hazırda daha sərt və intensiv şəkildə qarşılıq verir.
Rusiya məsələsinə gəldikdə isə Moskva ilə Tehran arasında müttəfiqlik münasibətləri olsa da, müharibə vəziyyətində qarşılıq hərbi yardım barədə konkret razılaşma mövcud deyil. Eyni zamanda Rusiya ilə ABŞ arasında dialoq kanalları aktivləşib. Məsələn, Donald Tramp yaxın günlərdə Vladimir Putin ilə telefon danışığı aparıb və bir saat davam edən söhbətdə Yaxın Şərqdəki vəziyyət müzakirə olunub. Görünür ki, Rusiya ABŞ ilə yaranmış bu yeni ünsiyyət imkanlarından istifadə edərək mövcud gərginliyin danışıqlar yolu ilə həllinə çalışır və bunu həm rusiyalı rəsmilər, həm də ölkə rəhbərliyi dəfələrlə vurğulayıb”, – deyə o bildirib.
Nəsimi Ələsgərli













