“İndiki Müsavatın Rəsulzadənin partiyasına dəxli yoxdur”
Gülağa Aslanlı: “… ən azı gərək normal təfəkkür sahibi olasan”
Milli Maarifçilik Partiyasının sədri Elşən Musayev Yenicag.az saytına açıqlamasında bəzi müsavatçı gənclərin partiyadan istefalarına münasibət bildirərkən deyib ki, onlar bu təşkilatın sonunun olmadığını və İsa Qəmbərin müxalif gəncliyə nifrət hissi ilə yanaşdığını əsas gətirərək, bu addımı atıblar:
“Müsavatçı gənclər bir şeyi gözəl bilir ki, bu partiyanın sonu yoxdur. Müsavat Partiyasını həmişə Rəsulzadənin yaratdığı partiya ilə müqayisə edirlər. Amma məsələ ondadır ki, o partiyanın bu partiya ilə heç bir əlaqəsi yoxdur. Partiyanın ənənəsi yoxdur ki, normal strukturu və perspektivi də olsun. Müsavatdakı gənclər çaşqın vəziyyətdə qalıb. Tural Abbaslı hər nə olsa da, başqanının göstərişi ilə qanunsuzluq edib, həbsdə olub. Bu artıq Tural Abbaslıya bir görkdür. Seçkidə onu neçə rüsvay etdilər. Ən azından siyasi opponent olaraq da, düşünürəm ki, bu belə olmamalı idi. Müsavatdakı gənclər Tural Abbaslıya baxır və özləri üçün bir dərs götürür. Düşünür ki, ən yaxşı halda gələcəkləri də elə onun kimi olacaq. Gənclər gələcəkləri ilə bağlı nə qədər fanat olsa da, fikirləşmək məcburiyyətindədirlər. Bu gün Müsavat partiyasının gənc üzvü bilmir ki, onun başqanı Arif Hacılı, yoxsa İsa Qəmbərdir. Onlar bilmir ki, bu gün kimə tabe olmaq lazımdır. Bununla belə bir şeyi gözəl bilirlər ki, bu partiyanın axırı yoxdur. Dəqiq bilirlər ki, irəlidə gedən gənclərin başına açılan oyunlar, bir gün mütləq onların da başına açılacaq. Müsavatçı gənclər arasında yaranan bu vəziyyət təşkilatın daxilində olan problemlərlə bağlıdır. İsa Qəmbər vaxtında bir dənə də olsa kadr yetişdirməyib. O partiyada elə bir despot rejimi qurub ki, onun özündən başqa ümumiyyətlə heç kim görünməsin. İsa Qəmbər Azərbaycanın müxalif gəncliyinə xüsusi qısqanclıq, nifrət hissi ilə baxıb. İndiyə kimi, Müsavatın Divanında gənclərdən ancaq bir Tural Abbaslı olub, o da son dövrlərə təsadüf edir. Başqa bir gənci belə irəli buraxmayıb, onların təhsili ilə maraqlanmayıblar. Onların gəncliyə töhvəsi ancaq həbsxanalar, qanun pozuntuları olub”.
Elşən Musayevin ittihamına cavab verən Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı isə bunları söylədi: “Düşmən və rəqib olan insanların Müsavat Partiyası haqqında bu cür formada hər hansı aşağılayıcı söz deməsi sadəcə, bu insanın özünün kimliyini təsdiq edir. Ən azı hakimiyyətdə olan insanlar belə Müsavat Partiyasının Azərbaycana verdiyi töhvəni, Azərbaycan Xalq Cümhuriyyətini yaratmasını qəbul edirlər. Eyni zamanda, Müsavat Partiyasının təklifi ilə əsası qoyulan Azərbaycanın üç rəngli bayrağı, gerbi və himni bu hakimiyyət tərəfindn də qəbul olunur. Kimsənin bunu qəbul edib-etməməsi onun şəxsi işi və problemidir. Müsavat Partiyası daxilindəki proseslərin demokratiyanın bir nümunəsi olduğunu qəbul etmək üçün ən azı gərək normal təfəkkür sahibi olasan. Normal təfəkkür sahibi olmayan, orta əsr təfəkkürünə sadiq qalan insanlardan nə isə müsbət məqamlar gözləmək fikrimcə o qədər də doğru hal deyil”.
Rüfət/Yenicag.az