Əməkdar artist: “Aktyor içindəki maskaları çıxarıb tullamalıdır”

“Heç vaxt içimdə kədərli hadisələri, pislikləri saxlamıram. Sıxıntılı anları birdəfəlik silirəm. İnsanlara yalnız işıq, müsbət enerji ötürmək istəyirəm”.

Bunu doğum günündə tanınmış aktyor, Əməkdar artist Ayşad Məmmədov Yenicag.az-a açıqlamasında deyib.

Təmtəraqdan hər zaman qaçdığını bildirən aktyor həyatında ən yadda qalan doğum gününü xatırlayıb:

“Ən yadda qalan doğum günüm 40 yaşımı tamamlayanda olub. Hüseynağa Atakişiyev kinostudiyanın həyətində mənə təmtəraqlı bir ad günü keçirdi. Gənclər Teatrının bütün heyəti oradaydı. Mənə rəssam tərəfindən çəkilmiş üzümdə maska olan bir rəsmimi də hədiyyə etdilər. O günü heç vaxt unutmuram. Həmişə də o günü xoş ovqatla yad edirəm. Ümumiyyətlə mən heç nəyi kədərlə xatırlamağı xoşlamıram.

Hər yaşın öz istəkləri olur. Aktyor kimi arzuladığım, amma oynamadığım obrazlar var. Çox istərdim ki, Allah o obrazları oynamağı mənə qismət etsin. Mənim üçün obrazın mənfi və müsbət olmasının əhəmiyyəti yoxdur. Əsas odur ki, içimizdəki müsbəti və mənfini dartıb üzə çıxara bilək.
Mənə görə aktyor zaman-zaman içindəki maskaları çıxarıb tullamalıdır, yəni təmizlənməlidir. Tamamən təmizlənmək mümkün deyil, bu an baş verəndə sən artıq dünyanı dəyişirsən. Əfsus ki, elə aktyorlar var ki, içindəki o maskalar qatılaşır”.

Cəvahir