Bir ömür, bir mövqe: Şahin Ağabəylinin 50 illiyi

media-hightechnic-468x90

Şahinin gözlərində kədər yox idi. Onun baxışlarında qorxu da olmazdı, tərəddüd də. Amma bu gün məzar daşının üzərindəki şəklinə baxanda adam nədənsə içdən sarsılır. Elə bil o gözlər indi bir az uzaqdan, bir az da zamanın o üzündən baxır. Kədərli baxışlar deyil, bunlar daha çox cavabsız qalan suallar kimidir. Sanki hər baxış bir hesabat tələb edir.

Bu gün Poliqon İnformasiya Agentliyinin və “Milli Yol” qəzetinin təsisçisi, qorxusuz jurnalist, senzurasız baş redaktor Şahin Ağabəylinin doğum günüdür. Onun 50 yaşı tamam olur. Amma həyat ona bu yaşı yaşamağa imkan vermədi, cəmi 34 yaşında dünyaya vida etdi. Qəribədir, illər keçdikcə yoxluğu azalmaq əvəzinə daha çox hiss olunur. Bəzən insan elə yoxluğu ilə var olur…

Şahin Ağabəyli 1976-cı il yanvarın 27-də Neftçala rayonunun Aşağı Qaramanlı kəndində dünyaya göz açıb. Yolunu erkən seçənlərdən idi. Türkiyədə Quru Qoşunları Hərbi Məktəbini bitirdi. Amma onun əsas silahı qələm oldu. Jurnalistikaya sadəcə peşə kimi yox, həyat mövqeyi kimi baxdı. Bu mövqe onu rahat yaşamağa yox, doğru yaşamağa aparırdı.

“Bakı həftəliyi”, “Bizim yol” qəzetlərində çalışdı, amma heç vaxt hazır qəliblərə sığmadı. 2003-cü ildə “Milli Yol” qəzetini təsis etdi. 2006-cı ildə “Poliqon” İnformasiya Agentliyini qurdu. Bu ad təsadüfi deyildi. Poliqon fikir meydanı idi, sözlərin toqquşduğu, həqiqətin sınandığı bir məkan. Orada söz güllə kimi yox, məsuliyyət kimi atılırdı.

Şahin redaktor deyildi, senzura deyildi. O, imkan idi. Qapısı açıq bir redaksiya idi. Heç kimin yazısına “bu olar, bu olmaz” deməzdi. “Qələmin varsa, həqiqətləri yaz”. Heç kimi qəlibə salmazdı. Hər kəsə özünü tam ifadə etmək üçün maksimum azadlıq verirdi. Və ən önəmlisi kim nə yazırdısa yazsın, onun məsuliyyətini özü daşıyırdı. Bu, hər adamın altına girəcəyi yük deyildi. Çünki azad sözün yükü həmişə ağır olur.

Elə buna görə də təzyiqlər gördü, həbs olundu. 2006-cı ildə peşə fəaliyyətinə görə azadlığından məhrum edildi. Amma sınmadı. Bir müddət sonra əfv olundu və yenə qələmin başına qayıtdı. Çünki Şahin üçün azadlıq divarların olmaması deyildi. Azadlıq sözün nəfəs alması idi. O nəfəsi kəsmək mümkün deyildi.

2010-cu il oktyabrın 27-si… Səhər tezdən Bakı–Ələt yolunda baş verən avtomobil qəzası Şahini sevənlərindən qopardı və əbədiyyətə qovuşdurdu. Qəfil, amansız və izahsız. O gün təkcə bir insan yox, bir cəsarət məktəbi də yarımçıq qaldı. Bir məktəb ki, dərsləri hələ də davam edir…

Zaman keçdi. İllər sonra, təxminən səkkiz il əvvəl, Xətai Tibb Mərkəzinin önündə təsadüfi bir qarşılaşma oldu. Hər gün minlərlə insanın gəlib-getdiyi bir yerdə cəmi on iki yaşlı bir uşaq diqqətimi çəkdi. Duruşunda yaşına uyğun olmayan bir arxayınlıq, baxışlarında isə qəribə bir ciddilik vardı. Bu, təsadüfi ciddilik deyildi.

Salamlaşdıq. Elə o salam anında içimdən Şahinə də bir salam keçdi. Çünki bu, igidin oğlunun salamı idi. Və igidin atasına salam vermək olar. Bu, yazılmamış bir etikadır.

Söhbət əsnasında uşaq sakit, amma qürurlu bir səslə dedi: Adım Salamdır və mən Şahin Ağabəylinin oğluyam.
Bu, sadəcə bir tanıtım deyildi. O cümlədə ata sevgisi vardı, itki vardı, amma hər şeydən çox başıuca bir fəxarət vardı. Şahinin adını çəkəndə uşaq dikəlirdi. Bu, tərbiyənin, xarakterin, mənəvi mirasın göstəricisi idi. Adın necə daşındığını o duruş izah edirdi.

“Atanı tanıyıram, dostuyam” sözünü eşidəndə uşağın reaksiyası sadə, amma çox dərin oldu. Qucaqladı. O qucaq bir uşağın sevinci deyildi. O qucaq yaddaşın davam etdiyini deyirdi. Şahinin getmədiyini, sadəcə formasını dəyişdiyini sübut edirdi. Bəzən bir qucaq bütöv bir bioqrafiyadan artıq danışır.

Bu gün Şahin Ağabəyli aramızda yoxdur. Amma onun qurduğu yol yaşayır. Yazılarda, düşüncələrdə, senzurasız söz anlayışında və ən əsası, onun adını qürurla daşıyan oğlunun duruşunda.

Şahini unutmaq olmaz. Çünki o, təkcə bir jurnalist deyildi. O, bir mövqe idi.

Və mövqelər tarixdən silinmir.

Bu gün Şahin Ağabəyli 50 yaşındadır. Kağız üzərində yox, yaddaşlarda.

Və bəzi insanlar var ki, dünyadan köçəndən sonra da yaş almağa davam edirlər. Şahin kimi …

AbzasMedia - VHP-nin qurultayının vaxtı məlum olub

Samir Əsədli,
Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini 

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 26.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa