Tramp qlobal imperializmin kökünü kəsir: FED və "BlackRock"la böyük toqquşma BAŞLADI

media-hightechnic-468x90

“Amerika Birləşmiş Ştatlarında vəziyyət kifayət qədər gərgindir və bunun köklü səbəbləri var. Qütbləşmənin getdikcə dərinləşməsi təhlükəli tendensiya, yəni vətəndaş müharibəsi üçün perspektivlər yaradır”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu deyib.

Əli Zülfüqaroğlu əlavə edib ki, Trampın dünya iqtisadiyyatında təlatüm yaradan həmlələri də məhz ABŞ-nin daxili problemlərindən qaynaqlanır:

“Hazırda ABŞ-nin 38 trilyon dollar xarici borcu var və bu borc yükü getdikcə artır. ABŞ hökumətinin bu sıxıntıdan xilas olması üçün dollar ucuzlaşmalıdır. Dolların ucuzlaşması ABŞ-nin xarici borcunun bir növ “əriməsi” deməkdir. Buna isə FED (Federal Ehtiyat Sistemi) mane olur. Yəni, FED-lə Tramp administrasiyası arasındakı qarşıdurma dövlətin bütün strukturlarına, siyasi proseslərə və təbii ki, cəmiyyətə ciddi şəkildə təsir edir. Bu problemin dərin səbəbləri olduğu üçün onun qısa zaman kəsiyində həll edilməsi qeyri-mümkündür.

Təbii ki, qlobal imperializmin əsas təsir rıçaqlarından olan “FED” məsələnin görünən tərəfidir. Trilyonlarla dollar maliyyə kütləsinə sahib olan “BlackRock” kimi nəhəng şirkətlər də bu savaşın tərkib hissəsidir. Bu qarşıdurma təkcə ABŞ daxilində deyil, dünyanın hər yerində hiss olunur. ABŞ-Avropa İttifaqı, ABŞ-Çin, ABŞ-Kanada arasında getdikcə dərinləşən problemlər də məhz bu amildən qaynaqlanır.

Trampın qlobal imperializmə bağlı olan USAID və bu kimi təşkilatlara, həmçinin qlobalistlərin ruporu hesab edilən bir sıra media quruluşlarına savaş açması sıradan bir hadisə deyil. Onun dövlətlərarası münasibətlər sistemini tənzimləyən beynəlxalq təşkilatların tam çökməsinə yönəlik kəskin addımlar atması və “Sülh Şurası” kimi alternativlər yaratması da bu kontekstdə qiymətləndirilməlidir. Bu addımlar bütün dünyada siyasi-iqtisadi kataklizmlər yaradacaq və bunun təsirləri nəinki dövlətlərin, ümumiyyətlə hər bir insanın həyatında hiss olunacaq”.

Əli Zülfüqaroğlu bildirib ki, Tramp geridönüşü mümkün olmayan proses başladib və burada kompromis anlayışına yer yoxdur:

“Bu, dünya hakimiyyəti uğrunda bir savaşdır və tərəflərdən birinin məğlubiyyəti qaçılmazdır. Trampın qarşısında duran güc  İkinci Dünya Müharibəsindən sonra dünya düzənini formalaşdıran qlobal maliyyə sistemidir. BMT və NATO başda olmaqla, müxtəlif istiqamətlərdə fəaliyyət göstərən və milyardlarla dollar büdcəyə malik beynəlxalq təşkilatlar məhz bu sistemin törəmə quruluşlarıdır.

İndiyə qədər bu sistem ona görə dünyaya hökm edə bilirdi ki, ABŞ-dəki siyasi hakimiyyət məhz həmin sistem tərəfindən formalaşdırılırdı. Bununla da ABŞ hərbi güc olaraq beynəlxalq təşkilatların funksionallığının qarantı sayılırdı. Amma hazırda ABŞ-də fərqli ideoloji düşüncəyə sahib hökumət var və bu səbəbdən də artıq beynəlxalq təşkilatların fəaliyyət qarantı yoxdur. Bu isə qlobal problemdir və böyük təlatümlərə yol açır.

İlk növbədə ABŞ daxilində təhlükə böyüyür, qarşıdurma və vətəndaş müharibəsi perspektivi yaranır. Eyni zamanda, bu vəziyyət dünyanın bütün bölgələri üçün təhlükəli presedent formalaşdırır. Əgər qlobal imperializmin təsisatları aralıq seçkilərinə qədər Trampa qarşı hər hansı nəticə əldə edə bilməsə, bundan sonrakı dönəmdə ABŞ-də ciddi problemlər, hətta xaotik mənzərə yarana bilər”.

Nurlan Cəfərli

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 26.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa