Elgiz Əkbərlə bağlı məlumat ötən gün ən çox oxunan xəbər oldu. Ona görə yox ki, dünən bazar idi, siyasətçilər telefonlarını bağlayıb yuxuya getmişdilər. Siyasətçilər yatsalar da, cinayətkarlar oyaq idi. Dünən baş kəsən, qan tökən, ev yıxan, ev yandıran da vardı. Kimin əlindən nə iş gəlir, onu edir. Yaxşı yaxşılığından, mərdimazar pisliyindən qalmır…
İranın yeni prezidenti Məsud Pezeşkianın adı ətrafında ən ağlagəlməz iddialar yayıldığı bir vaxtda necə oldu ki, bizim Elgiz günün qəhrəmanına çevrildi? Nədən Elgizdən yazılan xəbər viral oldu?
Ağlınıza başqa şey gəlməsin, Elgizi ARB-nin prezidenti təyin etməyiblər. Elgizə heç Azdramada da vəzifə verməyiblər. Elgiz xüsusi şücaət göstərərək, çayda boğulan uşağı da xilas etməyib. Dünən bazar olduğu üçün nəsə vacib bir işin qulpundan da yapışmayıb…
Əminəm ki, indi hamının ürəyindən bu sözlər keçir: “Sən Allah, ürəyimizi üzmə. De görək, Elgiz nə edib ki, dünən ən çox oxunan xəbər onun adı ilə bağlıdır?”
Yazım, eşitməyənlərin də xəbəri olsun: Deməli, Elgiz nə vaxtsa, gilas yeyib. Sonra da tamahına məğlub olaraq, üstündən iki fincan soyuq su içib.
Bundan sonra nə baş verdiyini təsəvvür etmək çətin deyil. Şirin gilasla buz kimi su mədədə narahatlıq yaradıb və Elgiz qarın ağrısına düşüb.
Bu hadisənin nə vaxt baş verdiyi məlum deyil. Bəlkə də Elgizin qarnı ağrıyanda gilasın kilosu 50 qəpik olub. Bəlkə də bu olay ağsaqqal deputatımız Fəzail Ağamalının gilasın qiymətindən şikayətləndiyi dövrə təsadüf edib. Əlqərəz, qədimlərdə nə vaxtsa, Elgiz bir dəfə qarın ağrısına düşüb və ötən cümə eləməyə söhbət tapmayanda bu hadisəni xatırlayıb.
Saqqalı çoxdan ağarmış, 149 yaşını qeyd etməyə hazırlaşan şanlı mətbuatımız heç bu fürsəti əldən verərmi? Elgizin personasına olan sonsuz marağın nəticəsində ölkədə oxunan və oxunmayan bütün saytlar bu hadisəyə geniş yer ayırdı. Başlıq vahiməli idi: “Elgizin səhhətində problem yarandı”.
Özgə saytdan deyil, öz saytımızdan oxudum bu xəbəri. Məlum oldu ki, yuxarıda yazdığım hadisə baş verib. Yəni, Elgiz şirin gilasla soyuq suyu qarışdırdığı üçün qarınağrısına düşüb. Bir-iki dəfə tualetə gedəndən sonra problem həll olunub.
Mənim Elgizlə yaxından-uzaqdan heç bir düşmənçiliyim yoxdur. Bir neçə il əvvəl tez-tez onun verilişində qonaq olurdum. Həmişə məni hörmətlə qarşılayıb, ehtiramla yola salırdı. Mənim də ona münasibətim adekvat olub. Səmimiyyətini yüksək qiymətləndirmişəm. Bu sətirləri yazmaqda məqsədim onu deyil, özümüzü qınamaqdır. Yuxarıda yazdım axı, saqqalımız çoxdan ağarıb, bu gün – sabah 149 yaşımız olacaq, amma hələ də hansısa aparıcının qarın ağrısına düşməsini mühüm hadisə kimi təqdim edirik. Və dərd burasındadır ki, ictimai əhəmiyyəti olmayan bu cür xəbərlər viral olur. Sonra da deyirsiniz ki, niyə ciddi mövzulardan yazmırsınız?
Yazmışdıq.
Dünən Pezeşkiandan, BMT-dən, “Hizbullah”dan da yazmışdıq. Amma ürəyinizə ən çox Elgiz yatdı.
Yəqin ki, gələn həftə də Zaur qarınağırısına düşər.
Bir həftəni də belə yola verərik.
Ömür dediyim nədir ki?! Həftələrlə, aylarla, illərlə ölçülür. Allahın bəxş etdiyi ömrü beləcə xərcləyib qurtarırıq.
Amma nə vaxtsa geri boylansaq, gərək burnumuzu tutaq. Arxadan tualetin qoxusu gəlir…
Seymur VERDİZADƏ
www.yenicag.az