Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısı tərəfindən verilən tapşırıqların icrası ilə bağlı Energetika Nazirliyində kollegiya iclası keçirilib.
Yenicag.az xəbər verir ki, nazirliyin şöbələri və tabeliyindəki qurumların, eləcə də “Azərenerji” ASC, “Azərişıq” ASC, “Azəristiliktəchizat” ASC, SOCAR və “Azəriqaz” İB-nin rəhbər və səlahiyyətli nümayəndələrinin iştirakı ilə keçirilmiş iclasda energetika naziri vəzifəsini icra edən Pərviz Şahbazov dövlət başçısının bir çox sahələr kimi enerji sektorunda da qarşıdakı dövr üzrə mühüm vəzifələr müəyyənləşdirdiyini diqqətə çatdırıb. Pərviz Şahbazov bildirib ki, ilin sonuna kimi ölkədə qazlaşdırmanın 95 faizə çatdırılması, “Şimal-2” elektrik stansiyasının tikintisinin yekunlaşdırılması, ölkənin inkişafını, əhali artımını, sənayeləşmə prosesini nəzərə alaraq, 5-10 il sonra daxili istehlaka tələbatın proqnozlaşdırılması, xarici enerji bazarlarının təhlili nəticəsində ixrac potensialının müəyyən edilməsi, alternativ və bərpa olunan enerjinin istehsalı sahəsinin təhlili əsasında külək, günəş və su elektrik stansiyalarının tikintisi istiqamətlərində tapşırıqlar verilib. Sadalanan istiqamətlər üzrə mövcud vəziyyətin və imkanların təhlili əsasında birgə tədbirlərin həyata keçirilməsinin vacibliyi vurğulanıb, tapşırıqların nəzərdə tutulduğu vaxta qədər icrasının mümkünlüyü ifadə edilib.
Sonra “Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyev ölkədə generasiya gücləri, orta və uzunmüddətli inkişaf planları, elektrik enerjisinin ixrac perspektivləri, eləcə də “Şimal-2” elektrik stansiyasının tikintisinin gedişatı ilə bağlı məruzə edib. Daha sonra isə “Azərişıq” ASC-nin sədri Baba Rzayevin ölkədə elektrik enerjisinin təminatı və elektrik şəbəkəsinin mövcud vəziyyəti, daxili istehlakın orta və uzunmüddətli inkişaf tendensiyası barədə məruzəsi dinlənilib. Alternativ və bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi və bu sahəyə özəl sektorun cəlbinin perspektivləri ilə bağlı müzakirələr aparılıb.
www.yenicag.az