“Türkiyədə müxalif Cümhuriyyət Xalq Partiyası (CHP) lideri Özgür Özəllə hakim Ədalət və İnkişaf Parityasının (AK Partiya) sədri, Prezident Rəcəb Tayyip Ərdoğan arasında keçirilən görüş müxalifətlə iqtidar arasında uzun illərdir davam edən və dərinləşən ziddiyyəti aradan qaldıra bilər”.
Bu sözləri Yenicag.az-a açıqlamasında Türkiyədə yaşayan siyasi ekspert Xaləddin İbrahimli söyləyib.
O, mayın 2-də baş tutan genişmiqyaslı CHP-AKP görüşünün detallarından söz açıb.
Məsələyə münasibət bildirən X. İbrahimli diqqətə çatdırıb ki, uzun zamandır CHP ilə AK Partiya arasında münasibətlər, birbaşa təmaslar və əlaqələr yox idi.
“İndi isə yeni dövr başlayır və bu dövrün fəlsəfəsi, məntiqi odur ki, “ana müxalifət partiyası” olan CHP iqtidarla normal dialoqun tərəfində və strateji məsələləri müzakirə edərək prosesləri yürütmək düşüncəsindədir. Müzakirə edilən məsələlərin içərisində təkcə Konstitusiyaya dəyişiklik məsələsi yoxdur, eyni zamanda Türkiyənin həyata keçirmək istədiyi qlobal proyektlər var ki, bunlardan biri də Zəngəzur dəhlizi və inkişaf yolu proyektləridir”, – deyə o əlavə edib.
Siyasi şərhçinin fikrincə, hazırda Türkiyənin strateji məsələlərini müzakirə etmək üçün daha normal bir dialoq mühiti yaranır ki, bu da yaxşı bir haldır:
“2 may görüşündən çox şey asılıdır, çünki bu, ilk dialoqdur. Əgər bu, konstruktiv və irəlidə nəticələri olan bir dialoq olsa, gələcəkdə niyə də bu görüşlər təkrarlanmasın? Sabah iqtidar dəyişərsə və CHP iqtidara gələrsə, analoji vəziyyəti o da yaşayacaq. Ona görə də iqtidar-müxalifət dialoqu hər zaman lazımlı, faydalı və ölkənin xeyrinədir. Biz də bir vətəndaş kimi təmənna edirik ki, bu görüşlər davamlı dialoqlara çevrilsin və Türkiyə yenidən sərt ritorikanın yaratdığı qütbləşməyə qayıtmasın”.
Xatırladaq ki, AKP-nin 22 illik hakimiyyəti dövründə post-Kılıçdarlığı dönəmi sonrası bu görüş analitiklər tərəfindən yüksək qiymətləndirilib. Türkiyəli siyasi şərhçilər hesab edirlər ki, iqtidarın bir çox məsələlərdə müxalifətlə uzlaşması CHP-də hakimiyyətə qarşı kəskin münasibətləri yumşalda bilər.
Ankarada hesab edirlər ki, hakim partiyanın Konstitusiya dəyişikliyi istəyi ilə bağlı müxalifətin rəyini alması Türkiyədə növbəti mərhələ üçün maraqlı siyasi proseslərin baş verməsinə gətirib çıxara bilər.
Rafi Müslümov
www.yenicag.az