Ərdoğan və Merkel mətbuat konfransında mübahisə etdilər

Almaniyanın Federal Kansleri Angela Merkel Türkiyədəki Konstitusiya dəyişikliyində hakimiyyət bölgüsü prinsipinə təminat verilməsinin zəruriliyini vurğulayıb.

Yeniçağ.Az-ın APA-ya istinadən verdiyi xəbərə görə, A.Merkel bu sözləri bu gün Ankaraya səfəri çərçivəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla keçirdiyi birgə mətbuat konfransında deyib.

O bildirib ki, yeni idarəetmə sistemində türk xalqının müdafiə etdiyi demokratik prinsiplər qorunub saxlanılmalıdır.

A.Merkel ATƏT müşahidə missiyasının Türkiyədəki Konstitusiya dəyişikliyinə dair referendumun müşahidəçiliyinə dəvət olunmasını təklif edib.

Mətbuat konfransında İŞİD-dən bəhs olunarkən A.Merkelin “islam terroru” ifadəsi Ərdoğanın etirazına səbəb olub.

““İslam terroru” ifadəsi biz müsəlmanları ciddi şəkildə üzür. Bu ifadədən istifadə olunması doğru deyil. Çünki islamla terror bir araya gələ bilməz. İslam sözünün mənası sülhdür. Bu sözdən lütfən istifadə etməyək. İstifadə edilsə, biz buna qarşı çıxacağıq, çünki səssiz qalmaq bunu qəbul etmək deməkdir. Mən bir müsəlman prezident olaraq bunu əsla qəbul edə bilmərəm”, – deyə Ərdoğan deyib.

Merkel isə cavab olaraq “islam” sözü ilə “islamçı” sözü arasında fərq olduğunu vurğulayıb:

“Din azadlığı mənim üçün çox önəmlidir və bunu demokratiyanın bir parçası olaraq görürəm. Almaniyada müsəlmanların öz ibadətlərini azad şəkildə yerinə yetirmələri üçün əlimizdən gələni edirik. “İslam” sözü ilə “islamçı” sözü arasında fərq var”.

Yeniçağ.Az