ABŞ-ni gözləyən böyük təhlükə: Daxildə parçalanma, xaricdə isə nüfuz itkisi
Umama İntissar Bahlili, xüsusi olaraq “Yeni Çağ” üçün
Bu gün Amerika Birləşmiş Ştatları tarixi bir yol ayrıcındadır. Onilliklər boyunca qlobal nizam ABŞ dollarının gücü və Amerika institutlarının “sarsılmazlığı” üzərində qurulmuşdu. Lakin məşhur investor Rey Dalionun son açıqlamaları göstərir ki, bu dayaq artıq zəifləyir. 2026-cı ilin əvvəlinə olan mənzərə açıqdır: ABŞ öz “Böyük Dövr”ünün ən çətin mərhələsinə daxil olub – daxildə parçalanma, xaricdə isə nüfuz itkisi.
Amerikanın zəifləməsi barədə fikirlər yeni deyil. Ancaq Dalionun yanaşması emosional yox, statistik və sistemli analizə əsaslanır. Onun fikrincə, imperiyaların klassik yüksəliş-eniş modelində ABŞ artıq “son mərhələ”yə yaxınlaşıb. Bu mərhələdə üç əsas sütun eyni anda sarsılır: daxili birlik, maliyyə dayanıqlığı və qlobal üstünlük.
Maliyyə böhranı: “Ürəktutması” riski
ABŞ üçün ən təcili təhlükə dövlət borcudur. 2026-cı ilin fevralına olan məlumata görə, ölkənin milli borcu 38,5 trilyon dolları keçib. Daha təhlükəlisi isə budur ki, təkcə maliyyə ilinin ilk üç ayında borcun faiz xərcləri 270 milyard dollara çatıb. Bu göstərici artıq ölkənin hərbi xərclərini belə üstələyir.
Rey Dalio bunu “maliyyə ürəktutması” adlandırır. Borc iqtisadi artımdan daha sürətlə böyüyəndə və dövlət gəlirlərinin böyük hissəsi yalnız faizin ödənilməsinə gedəndə sistem öz-özünü sıxmağa başlayır. Bu nə təhsilə, nə texnologiyaya, nə də real istehsala sərmayə qoymağa imkan verir.
Dolların mövqeyi də əvvəlki kimi deyil. Dünyanın mərkəzi bankları ABŞ istiqrazlarını artıq yeganə təhlükəsiz liman hesab etmir. Bir çox ölkə ehtiyatlarını qızıl və alternativ aktivlərə yönəldir. Bu, dolların ani çöküşü deyil, amma onun qlobal hökmranlığının tədricən zəifləməsidir.
Daxili parçalanma
Dalionun əsas xəbərdarlığı isə rəqəmlərdən daha dərindir: ABŞ daxilində sosial və siyasi parçalanma. Tarix göstərir ki, imperiyalar adətən daxildən çökür – xüsusilə də sərvət bərabərsizliyi dərinləşəndə.
2026-cı ilin əvvəlində ABŞ-də ən zəngin 1% əhalinin sərvətin təxminən 32%-nə, əhalinin alt 50%-nin isə cəmi 3%-dən də azına sahib olduğu bildirilir. Bu uçurum cəmiyyətdə ciddi narazılıq yaradıb.
Siyasi sistem isə iflic vəziyyətindədir. Kəskin qütbləşmə, populizmin güclənməsi və kompromisin yoxluğu ölkənin qərarvermə qabiliyyətini zəiflədir. 2026-cı ilin yanvar sorğularına görə, amerikalıların 80%-dən çoxu “varlıların siyasətdə həddindən artıq gücə malik olduğunu” düşünür. Bu isə dövlət institutlarına inamı sarsıdır.
Çoxqütblü dünya reallığı
Dalio ABŞ-nin zəifləməsini başqa ölkələrin yüksəlişi ilə izah etmir. Onun fikrincə, bu, qlobal nizamın təbii yenidən balanslaşmasıdır. O, “qalib-məğlub” yanaşmasını təhlükəli sayır və xəbərdarlıq edir ki, maliyyə və ya hərbi müharibə hamı üçün fəlakət olar.
Onun tövsiyəsi sadədir: ABŞ diqqətini xarici rəqiblərə deyil, öz daxili sağlamlığına yönəltməlidir. Təhsilin gücləndirilməsi, büdcə kəsirinin ÜDM-in 3%-nə endirilməsi və cəmiyyət daxilində birlik əsas prioritetlər olmalıdır.
2026-cı il üçün proqnozlara görə, ABŞ iqtisadiyyatı təxminən 2,2% böyüyür, lakin bu artım, əsasən, dövlət xərcləri hesabınadır. Eyni zamanda, Asiya və regional iqtisadi bloklar qlobal artımın əsas mühərrikinə çevrilir. Dünya artıq tək mərkəzli deyil.
Dalionun mesajı sərt, amma realdır: “ucuz pul” dövrü və mübahisəsiz qlobal liderlik bitib. 1945-dən sonra qurulan qaydalar borc, demoqrafiya və güc balansının dəyişməsi ilə yenidən yazılır. ABŞ bu keçidi böhransız yaşamaq istəyirsə, dünyada “yeganə lider” yox, “bərabərlər arasında birinci” olmağı qəbul etməlidir.
“Parçalanmış nizam” sonun başlanğıcı yox, gecikmiş islahatlar üçün ciddi xəbərdarlıqdır.
Müəllif haqqında:
Uumama İntissar Bahlili beynəlxalq münasibətlər üzrə mütəxəssisdir. Hazırda Böyük Britaniyada, Aston Universitetində hüquq təhsili alır.












