Yaş fərqi bəhanə, yataq otağına hücum şəhanə…

media-hightechnic-468x90

Stəkanda fırtına yaratmaq sosial medianın Azərbaycan seqmenti üçün normal hala çevrilib. Son günlər isə təqaüddə olan polis general-mayoru Nazim Əliyevin ailə qurması məqsədli şəkildə şişirdilərək ictimai linç predmetinə çevrilib. Normal halda xəbər dəyəri belə olmayan izdivac süni qalmaqala, qəsdən qıcıqlandırılan müzakirəyə çevrilib. Ortada gizli heç nə yoxdur: iki yetkin insan evlənib. Qanunsuzluq yoxdur, zorakılıq yoxdur, məcburiyyət yoxdur. Amma cəmiyyət bunu görmək istəmir.

Müzakirə adı altında baş verənlər isə şəxsi həyata toplu təcavüzdür. İnsanların şəxsi həyatı zorla açıldı, yataq otağına qədər girildi. Yaş fərqi elə təqdim olundu ki, sanki ortada cinayət var. Sanki yetkinlik yaşına çatmayan bir qız uşağı zorla evləndirilib. Sanki evlənən xanım yetkin deyil, düşünmək, qərar vermək qabiliyyəti yoxdur.

Fakt isə çox sadədir və bilərəkdən üstündən keçilir. Nazim Əliyev ilə evlənən qadının 33 yaşı var. Otuz üç. Bu yaşda insan artıq həyatın içindən keçib, qərarlarını özü verən biridir. 18 yaş həddini keçməsindən düz 15 il sonra hələ də onu “qurban” gibi təqdim etmək açıq manipulyasiyadır. “67-dən 35 yaş kiçik” ifadəsi də məhz bu məqsədlə dövriyyəyə buraxılıb. Rəqəmlər şişirdilib, kontekst qoparılıb, cəmiyyətin ən primitiv reaksiyaları oyadılıb. Məqsəd isə, linç etmək olub.

Amma danışılmayan, danışılmaq istənməyən başqa bir həqiqət də var. Generalın ailə dostunun dedikləri bu linç kampaniyasının nə qədər vicdansız olduğunu açıq göstərir. Bu adamın həyat yoldaşı iyirmi il əvvəl vəfat edib. İyirmi il boyunca bir dəfə də olsun ailə qurmayıb. Niyə? Çünki iki qız övladı var idi. Onların həm atası olub, həm anası. Xəstələnəndə həkim dalınca qaçan da o olub, dərman tapmağa çalışan da. Gecə-gündüz uşaqlarının başında dayanan da o olub. “Qadın ayrı şeydir, kişi ayrı şeydir” – deyir ailə dostu. Amma bu kişi qadının gördüyü işi də görüb. Üstəlik qızlarına ögey ana nəfəsi toxunmasına da könlü razı olmayıb.

Öz əli ilə böyüdüb. Oxudub. Ali təhsil alıblar. Hüquq təhsilli qızlardır. Ailə qurublar, toyları olub, bu gün öz evləri, öz övladları var. Yəni bu adam ata kimi üzərinə düşən hər şeyi artıqlaması ilə edib. Bunu edən insanın indi bir sualı var: bəs mən? Mən tək qalmalıyam?

Ailə dostu açıq deyir: bu adam on illərlə müxtəlif vəzifələrdə çalışıb, general rütbəsinə qədər yüksəlib. Bu qədər məsuliyyət, bu qədər səlahiyyət… Bir dəfə də olsun adı bir pis işdə hallanmayıb. Çünki mərfətli ailənin, ədəbli tərbiyənin yetirməsidir. İndi isə iyirmi il sonra evlənib. Və bu qərar təkcə onun yox, qızlarının da tövsiyəsi ilə verilib. Qızları deyib ki, ata, sən də insansan, sənin də bir qulaq yoldaşına ehtiyacın var.

Bunu bilə-bilə hələ də “bu yaşda evlənmək əxlaqsızlıqdır” demək artıq riyakarlıqdır. Əxlaq dərsi verənlər balaca uşaqların başına oyun açanlardan danışmır. Otellərdə gecə-gündüz qalanlardan yazmır. Orada dillər tutulur, burada isə qəfil “mənəviyyat keşikçiləri” peyda olur.

Qəbul etmək istəmirlər ki, bu da insandır. Onun da sevmək, ailə qurmaq, tək qalmamaq haqqı var. Bu haqqı ondan almağa çalışanların problemi izdivac deyil. Onların problemi başqasının xoşbəxtliyinə dözə bilməməkdir.

Problem toyda deyil. Problem cəmiyyətin həddi aşmasındadır. İnsanların şəxsi həyatına bu qədər rahat burun soxan, özünü hakim, prokuror, əxlaq polisi yerinə qoyan bu düşüncə təhlükəlidir. Burada müdafiə olunmalı olan bir toy yox, insan ləyaqətidir.

Üfunət qoxan hənirtinizi başqalarının yataq otağından çəkin!..

İsmayıl Yusifoğlu

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 04.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05