Təhsildə "ESSE XAOSU": Məktəbin vermədiyini DİM niyə tələb edir?

media-hightechnic-468x90

Buraxılış imtahanlarında ingilis dili üzrə esse tələbi müzakirələrə səbəb olub.Təhsil ictimaiyyəti bu yeniliyin mövcud məktəb reallığı ilə uzlaşmadığını və şagirdlər üçün əlavə stress yaratdığını bildirir. Mütəxəssislərin fikrincə, tədris proqramı dəyişmədən imtahan formatında bu cür tələblərin tətbiqi ciddi problemlərə yol aça bilər.

Mövzu ilə bağlı Yenicag.az-a açıqlamasında təhsil eksperti Şəmsi Qoca buraxılış imtahanlarında ingilis dili fənni üzrə esse yazılması tələbinin formal baxımdan müasir görünsə də, praktikada ciddi ziddiyyətlər yaratdığını bildirib.

media-whatsapp-image-2026-02-04-at-11-53-47

Ekspert qeyd edib ki, hazırkı məktəb mühitində şagirdlərə xarici dildə sərbəst ünsiyyət və analitik düşünmə bacarığı yetərincə aşılanmır:

“Biz şagirdlərimizə sinif otaqlarında hələ dilin sərbəst ünsiyyət mexanizmini tam öyrətməmişik. Həftədə cəmi bir-iki saat dərs keçilən şəraitdə onlardan xarici dildə strukturlaşdırılmış və arqumentləşdirilmiş esse tələb etmək tədris proqramı ilə imtahan tələbi arasında ciddi uçurum yaradır. Bu uçurumun əziyyətini isə şagird və valideyn çəkir. Bu vəziyyət çıxış yolunun məktəbdə deyil, repetitor yanında axtarılmasına səbəb olur ki, bu da təhsildə bərabərliyi pozur”.

Ekspertin sözlərinə görə, onu ən çox narahat edən məsələlərdən biri də qiymətləndirmənin şəffaflığıdır:

“Esse subyektiv yanaşmaya açıqdır. Testdə cavab dəqiqdir, amma esse markerin şəxsi yanaşmasından, hətta o anki əhvalından belə asılı qala bilər. Bu isə real bilik səviyyəsini ölçməkdən çox, qeyri-bərabər qiymətləndirmə və haqlı narazılıqlar yaradır.”

Təhsil eksperti hesab edir ki, imtahan stresi altında olan şagirdlərdən xarici dildə esse yazmağın tələb edilməsi onların biliklərini deyil, dözümünü sınağa çəkir:

“Təhsil metodikası köklü şəkildə dəyişmədən və məktəblərdə real dil mühiti yaradılmadan bu cür tələblərin tətbiqi düzgün deyil. Biz əvvəlcə şagirdə fikrini ifadə etməyi öyrətməliyik, yalnız bundan sonra bunu imtahanda tələb edə bilərik. Hazırkı vəziyyətdə bu yenilik təhsilin keyfiyyətinə deyil, süni gərginliyə və repetitor asılılığının artmasına xidmət edir.”

Samir Məcid

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 04.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05