Ərdoğandan Moskva və Kiyevə ULTİMATUM: Ya "şərəfli həll", ya da UZUNMÜDDƏTLİ DAĞINTI
“Ərdoğanın bu ifadəsi həm Ukrayna Prezidenti Volodimir Zelenskini diplomatik cəhətdən təsəlli etməyə yönəlmiş incə mesajdır.”
Bunu Yenicag.az-a açıqlamasında Türkiyəli siyasi şərhçi Fatih Fuat Tuncer deyib.

O, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ Prezidenti Donald Trampın sülh planı ilə bağlı “uduzan olmayacaq” bəyanatını şərh edib.
Fuat Tuncer bildirib ki, Ərdoğanın bu ifadəsi həm Ukrayna Prezidenti Volodimir Zelenskini diplomatik cəhətdən təsəlli etməyə yönəlmiş incə mesaj, həm də Türkiyənin vasitəçilik roluna uyğun, real sülh vizyonunun əksi kimi qiymətləndirilə bilər.
“Bu açıqlamanın tək bir səbəbə söykəndiyini söyləmək çətindir. Çünki diplomatik bəyanatlar adətən çoxqatlı olur. Bir tərəfdən, planın Ukraynadan müəyyən ərazi güzəştləri (xüsusilə Krım və Donbasın Rusiyaya verilməsi) tələb etməsi kimi çətin şərtlər fonunda “itirən olmayacaq” demək, Ukraynanın tam məğlub sayılmayacağı, əksinə, güclü təhlükəsizlik təminatları və beynəlxalq sistemdə mövqeyini qoruma imkanı əldə edəcəyi yönündə bir təsəlli və “şərəf qoruma” mesajı kimi yozula bilər.
Mən isə bu açıqlamalardan Türkiyənin yenidən nəzərdən keçirilmiş bir plan irəli sürüb həm Rusiyanı, həm də Ukraynanı ortaq məxrəcə gətirəcək addımlar atmağa hazırlaşdığı nəticəsini çıxarıram. Bu məqamda Türkiyənin Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini də unutmamaq lazımdır. Bəlkə də elə təklif gündəmə gələ bilər ki, Ukraynanın ərazi bütövlüyü qorunsun, lakin işğal altındakı bölgələrə geniş muxtariyyət verilərək Rusiyanın Ukraynanın gələcəyində təsirini saxlamasına müəyyən imkan yaradılsın. Əlbəttə, bunun detalları hələlik məlum deyil.
Digər tərəfdən, bu ifadə müharibənin indiki şəkildə davam etməsinin hər iki tərəf üçün uzunmüddətli dağıntılarla nəticələnəcəyinə diqqət çəkərək, güzəştlər tələb etsə belə, danışıqlar yolu ilə əldə ediləcək bir razılaşmanın “məğlub olmaqdan” daha yaxşı nəticə verəcəyini vurğulayır. Uzun müddətdir ədalətli və dayanıqlı sülh üçün çalışan Türkiyə üçün Ərdoğanın bu sözləri, yalnız bütün tərəflərin milli maraqlarını müəyyən dərəcədə qoruyan anlaşmanın ədalətli həll ola biləcəyi yönündəki Ankara xəttinin də ifadəsidir.
Bu amillər nəzərə alındıqda, həmin açıqlama həm Kiyevin mənəvi dəstəyini qorumağa yönəlmiş mesaj, həm də Türkiyənin ədalətli müzakirə modelini vurğulayan geniş çərçivəli diplomatik mövqedir. Qarşıdakı dövrdə Ankara – Moskva – Kiyev – Vaşinqton xəttində aktivliyin daha da artacağı gözlənilir,” – deyə o bildirib.
Nəsimi Ələsgərli












