Ərdoğanın səs yazısı ilə bağlı yeni iddia
Türkiyə Baş naziri Rəcəb Tayyib Ərdoğan və digər vəzifəli şəxslərin yayılan səs yazıları ilə bağlı yeni iddia ortaya çıxıb.
Türkiyənin “Star” qəzeti 17 dekabrda keçirilən “rüşvət əməliyyatı”ndan sonra gündəmə gələn səs yazıları ilə bağlı yeni məlumat yayıb. Qəzet orijinal olub-olmadığı bilinməyən həmin səs yazılarının Əmniyyət Kəşfiyyatında qurulduğunu, səs yazılarını yazan və onları yayan 44 polis haqqında cinayət işinin açıldığını yazıb.
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən aparılan istintaqda Əmniyyət Kəşfiyyatında qanunsuz dinlənilmə aparıldığı, yüksək səviyyəli dövlət rəsmilərinin şəxsi məlumatlarının araşdırıldığı, məxfi məlumatların mətbuata sızdırıldığı bildirilib. İstintaqın ilk mərhələsində 27 polis işdən uzaqlaşdırılıb.
Bundan başqa Baş nazir Ərdoğan və yaxınlarının şəxsi həyatı ilə bağlı məlumatlar 19 polis tərəfindən araşdırıldığı və surətinin çıxarıldığı da məlum olub.
axar.az