Ərəb Birliyi tərəfindən Fələstin və digər Ərəb torpaqlarında israillilərin məskunlaşdırılması ilə bağlı hesabat hazırlanıb.
Yenicag.az xəbər verir ki, hesabatda ABŞ-ın dəstəyi və beynəlxalq hüquqi normativlərin heçə sayılması ilə məskunlaşma prosesinin sürətləndirildiyi bildirilib.
Hesabatda İsrail hökumətinin Netanyahunun başçılığı altında Fələstin torpaqlarını müsadirə edərək qanunsuz məskunlaşma yerləri yaratması da qeyd edilib.
Həmçinin, Şərq Qüdsə 1,24 milyard dollarlıq investisiya ayrıldığı, lakin investisiyanın da qərəzli bölüşdürüldüyü diqqətə çatdırılıb. Belə ki, bölgədə ərəblərlə yəhudi əhalisinin bərabər olmasına baxmayaraq, bu investisiyaların 87 faizi yəhudi, 13 faizi isə fələstinlilərin yaşadığı məhəllələrə ayrılıb.
Bəyanatda yəhudi yaşayış yerlərinin genişlənməsi Yaxın Şərq sülh prosesinə ən böyük maneələrdən biri kimi qiymətləndirilib.
Qeyd edək ki, İsrail ilə Fələstin arasındakı sülh danışıqları İsrailin 1967-ci ildə müəyyən olunmuş sərhədləri pozması, məcburi köçkünlərin geri qayıtmasını əngəlləməsi və digər səbəblərdən dolayı 2014-cü ilin aprel ayında dayandırılıb. İsrail 1967-ci ildən etibarən Qərbi Şəriyədə 131 qəsəbə, Şərqi Qüdsdə 10 qəsəbə və Qərbi Şəriyə təpəliklərində 116 qəsəbə yaradıb.
Qərbi Şəriyədə 500 min və Şərqi Qüdsdə 220 min israilli məskunlaşdırılıb. İsrailin Qərbi Şəriyədə bu sayı qısa zamanda 1 milyona çatdırmağı hədəflədiyi bildirilib.
Həşim Səhrablı