Qəzza yenidən qaynayır: İsrail HƏMAS-ın təklifinə hansı reaksiyanı verəcək?
Qəzza məsələsi ilə bağlı yeni diplomatik təmaslar davam edir. Xüsusilə atəşkəs, girovların azad edilməsi və humanitar yardımın artırılması mövzularında müxtəlif regional və beynəlxalq tərəflər arasında danışıqlar aparılır.
Yenicag.az xəbər verir ki, HƏMAS hərəkatı Qəzza ilə bağlı yeni bir danışıqlar turunun başlamasını istəyir.
Hərəkat həm Qəzzadakı hərbi əməliyyatların dayandırılması, həm də mülki əhalinin üzləşdiyi ağır humanitar vəziyyətin yüngülləşdirilməsi üçün vasitəçilər üzərində təzyiqin artırılmasını tələb edir.
Bu barədə Yenicag.az-a danışan suriyalı siyasi şərhçi Abdulhadi Amiri danışıqlarda Misir və Qətərin yenidən fəal vasitəçilik rolu oynaması, ABŞ və digər regional ölkələrlə koordinasiyalı şəkildə irəliləmə cəhdlərinin ön plana çıxdığını qeyd edib.
“HƏMAS tərəfi davamlı atəşkəs və mübadilə mexanizmi (israilli girovlar və fələstinli məhbusların dəyişdirilməsi) haqqında konkret zəmanətlər olmadan masaya oturmaq istəmir.
İsrail tərəfi isə HƏMAS-ın hərbi gücünün tam zəiflədilməsini və Qəzzada təhlükəsizlik arxitekturasının öz şərtlərinə uyğun şəkildə yenidən qurulmasını ön şərt kimi gündəmdə saxlayır. Bu səbəbdən vasitəçilərin cəhdlərinə baxmayaraq, tərəflər arasında mövqelər hələ də kifayət qədər uzaqdır”, – o qeyd edib.
Ekspert Qəzzada yeni diplomatik hərəkətlilik başlasa da, həm siyasi, həm də təhlükəsizlik şərtlərinə görə tərəflərin hələ razılaşmaya yaxın görünmədiyini vurğulayıb.
Camal Cavanşir












