“Ermənilərin Tavuşda və İrəvanda başlatdığı hərəkatın kütləviliyi yoxdur. Bunu erməni mediası qeyd edir”.
Bu barədə Yenicag.az-ın suallarını cavablandırarkən siyasi təhlilçi Nadir Şəfiyev bildirib.
O, 4 kəndin geri alınmasından sonra İrəvan və Qazaxla həmsərhəd kəndlərə “Tavuş hərəkatı” adı altında başladılan etiraz aksiyalarını şərh edib.
Politoloqun fikrincə, bu hərəkatı başladan və əhalini qıcıqlandıran kənar qüvvələrdir ki, onlar burada iki məqsəd güdürlər.
“Onlar iki ölkə arasında sülh müqaviləsinin imzalanmasının və delimitasiya-demarkasiya prosesinin qarşısını almağa, bundan başqa, Paşinyan hökumətini sarsıldıb yerindən tərpətməyə çalışırlar. Bu hadisələr delimitasiya-demarkasiya, o cümlədən sülh prosesinə heç bir təsir etməyəcək. Ermənilər anlamasa da, bütün mütəxəssislər bilir ki, Azərbaycan, sadəcə, öz ərazilərini istəyir. Onlar isə elə qələmə verilər ki, Azərbaycan guya Ermənistanın torpaqlarını götürür və Paşinyan buna razılıq verir”, – deyə o əlavə edib.
Onun sözlərinə görə, hadisələrin bu cür cərəyan etməsində Paşinyan hökumətinin çox böyük günahı var ki, bu günah indi başlamayıb:
“Xatırladım ki, müharibədən sonra belə bir proses başlamışdı ki, hər 2 ölkə xalqlarını sülhə hazırlamalıdır və 2020-ci ildən sonra bu proses güclənməli idi. Hətta beynəlxalq strukturlar tərəfindən bununla bağlı Bakı və İrəvana mesajlar göndərilmişdi. Bu gün Azərbaycan cəmiyyəti faktiki olaraq ermənilərlə sülh şəraitində yaşamağa hazır vəziyyətdədir. Yəni Azərbaycan dövləti müraciət edəndə ki, ermənilər Qarabağa qayıda bilərlər və s. Bundan sonra ictimaiyyətdə bununla bağlı etiraz olmadı. Çünki biz bunun nə demək olduğunu bilirik.
Lakin Ermənistan cəmiyyətində həmin ərazilər, ikitərəfli münasibətlər və Azərbaycanın Ermənistana olan real münasibəti ilə bağlı məlumat yoxdur. Ona görə də belə hərəkatlarla onlar nəyəsə nail ola bilməyəcəklər”.
Rafi Müslümov
www.yenicag.az