Reklam: High Technic
hightechnic

Ermənilərin öldürdüyü azərbaycanlı məşhurla bağlı DƏHŞƏTLİ FAKT: “Ayaqları külə dönmüşdü, əlləri isə…”

Kim bilir, bəlkə elə “Əlvida” mahnısını yarıda qırılmış həyatına həsr edibmiş, əcəl kəməndinə qəfil tuş gələcəyi ürəyinə damıbmış… Kimin ağlına gələrdi ki, 1994-cü il martın 19-da erməni ekstremistlərinin təşkil etdiyi qanlı terrorun qurbanı olacaq. Metroda baş vermiş partlayış nəticəsində həyatla vidalaşacaq. Amma bu müdhiş hadisə baş verdi və hər kəsi sarsıtdı. Xalq artisti, tanınmış bəstəkar Rafiq Babayevdən söhbət gedir. O, heç bir zaman unudulmayacaq ziyalı, bənzərsiz sənətkardır. Dünən o böyük insanın xatirə işığına yığışanlar bəstəkar haqqında danışdılar, ona həsr olunmuş “Sonuncu akkord” adlı sənədli filmə tamaşa etdilər.

Ssenarisi Orxan Fikrətoğluna məxsus olan film Ayxan Əhmədovun rejissor yozumunda ərsəyə gəlib. Filmin bədii rəhbəri Tahir Tahiroviçdir. Bəstəkarın obrazını aktyor Sənan Əlləz canlandırıb.

Filmdə xalq artistinin sənət dostları və ailə üzvləri tərəfindən maraqlı faktlar açıqlanıb.

Xalq artisti Siyavuş Kərimi yaxın dostu ilə bağlı xatirələrini bölüşüb:

“Mənə deyəndə ki, Rafiq Babayev metroda faciəli şəkildə həlak olub, inanmadım. Bahalı texniki avadanlıqlarla dolu olan otağın qapısını açıq qoyub, “20 Yanvar” metrostansiyasına qaçdım. Orda dedilər ki, hamısını xəstəxanaya aparıblar. “Semaşko”ya qaçdım, orda Rafiqin adını siyahıda tapmadım, onu morqa aparmışdılar”.

Xalq artisti Mübariz Tağıyev sənət dostu ilə bağlı heç vaxt danışmadığı gizlinləri açıqlayıb:

“Sonradan bildik ki, özü ağır vəziyyətdə ola-ola insanlara kömək edirmiş. Elə buna görə də ayaqları külə dönmüşdü, əlləri isə yanmışdı”.

Xalq artisti Akif İslamzadə ağır xəbəri eşidəndə sarsıldığını deyib:

“Xəbəri eşidəndə inanmadım. Cəmil Əmirova zəng vurdum, onun həyat yoldaşı dedi ki, hə, belə bir hadisə baş verib. Təsəvvür edin, həmin gün o səsyazma studiyasına gedib, “Nostalji” adlı albomunu yazdıracaqdı. Amma maşını xarab olduğu üçün, metro ilə getməli olub və belə bir faciə baş verib”.

Qızı Gülarə Babayeva isə atasının hər zaman onları güclü görmək istədiyini dedi:

“Atam bizə həyatın bütün çətinliklərindən özümüzün çıxmağını öyrədirdi. Hətta uşaq vaxtı bizi pişik kimi suya tullayırdı ki, üzüb çıxa bilək. O, bizə güclü olmağı öyrətdi”.
Cəvahir Səlimqızı
Yeniçağ.az

www.yenicag.az

195