Bu ilin dekabr ayında Ermənistanda növbədənkənar parlament seçkiləri keçiriləcək.
Seçki ərəfəsində Ermənistanda vəziyyətin gərginləşəcəyi, hətta klanlararası çox ciddi münaqişələrin olacağı deyilir. Ekspertlər ötən seçkilərdə məğlub olmuş Qarabağ klanının Paşinyandan qisas alacağını proqnozlaşdırırlar.
Bir müddət əvvələ qədər Qarabağla bağlı müxtəlif bəyanatlar verib, 1 ay ərzində 2 dəfə Qarabağa səfər etmiş Paşinyan son günlər sükuta qərq olub.
Paşinyanın manevrləri, seçki ərəfəsində Ermənistanda gözlənilən ixtişaşlar və hərbi xuntanın görə biləcəyi işlərlə bağlı hərbi ekspert Tərlan Eyvazov Yenicag.az-a açıqlamalar verib.
Tərlan Eyvazov bildirib ki, Paşinyanın Qarabağla bağlı verdiyi avatürist bəyanatlar daxili auditoriyaya hesablanmışdı:
“Paşinyanın opponentləri Qarabağ kartı ilə hakimiyyətə gəlmişdilər. Paşinyan özünü Roma papasından daha çox katolik göstərməli idi ki, erməni cəmiyyəti ona inansın. Erməni baş nazir sırf buna görə də, 1 ay ərzində 2 dəfə Qarabağa səfər etdi. Paşinyan sübut edirdi ki, o, gələndən sonra Qarabağı Azərbaycana qaytarmayacaq. Digər tərəfdən də Paşinyan Qərbi inandırmağa çalışdı ki, sizin dediyiniz adamam, Ermənistanda demokratiya, insan haqlarına üstünlük verirəm. Paşinyanın ümidi onadır ki, hazırda onun reytinqi yüksəkdir və hal-hazırda seçkilər keçirilərsə, qalib gələcək. Mer seçkilərində Paşinyanın namizədinin qalib gəlməsi və 80%-dən yuxarı səs toplaması buna sübutdur”.
Ordunun tərkibində Qarabağ klanının güclü olması və seçkilər ərəfəsində Ermənistanda qarışıqlıqla bağlı isə hərbi ekspert bunları deyib:
“Bəzən ermənilərlə özümüzü müqayisə edirik, ancaq bilmək lazımdır ki, biz tamamilə ayrı-ayrı xalqlarıq. Tarixə baxdıqda ermənilər nəinki qonşu xalqlara qarşı ərazi iddialarında olub, fürsətdən istifadə edərək müharibə edib, terror aktları törədiblər, hətta öz aralarında belə daima terror aktları, sui-qəsdlər ediblər. Dəfələrlə oxumuşuq ki, Ermənistanda siyasi partiyalar arasında silahlı münaqişə olub. Ermənilərin tarixi bu kimi hallarla zəngindir. Paşinyan silahlı gücü, pulu olan klandan hakimiyyəti Saakaşvili kimi almaq istəyir, ancaq bu,sakit ötüşməyəcək. Paşinyanın rəqiblərinin hakimiyyəti sakit, demokratik yolla təhvil verəcəyini heç kim gözləməsin. Paşinyan nə erməni ziyalılarının, nə də diasporasının tam etimadını qazanmayıb. Erməni milyarderlərinin Ermənistana investisiya qoymasının şahidi olmamışıq.
Paşinyanın avantürist bəyanatlarına münasibətdə mən də bildirmişəm ki, ona sərt cavab vermək lazımdır. Ancaq Azərbaycan dövlətinin mühüm qurumları bizim istədiyimiz kimi yox, lazım olan kimi hərəkət edirlər. Hesab edək ki, Azərbaycan Paşinyanın təxribatlarına uyub silahla cavab versəydi, nəticələr ürək açan olmayacaqdı. Erməni təyyarələri Qarabağ səmasına o ərəfədə yüksəldi ki, Putin Bakıya gələcəkdi, Düşənbədə MDB-nin iclası olacaqdı, BMT-də iclas olacaqdı. Ermənilər bütün bunları düşünərək Azərbaycanı qıcıqlandırırdılar. Əgər Azərbaycan tərəfi Qarabağda havaya qalxan qırıcıları vursaydı, parçalanmaqda olan erməni cəmiyyəti birləşəcəkdi. Ermənistan Rusiya ilə müttəfiqdir, daim rəsmi Moskvanın tapşırıqlarını icra edib. Ancaq hiss olunur ki, Paşinyan fərqli yön tutmaqdadır. Putinin şəxsi keyfiyyətlərinə gəldikdə isə, o qisasçıdır və xəyanəti bağışlamır. Yaxın zamanlarda Rusiya Ermənistanı cəzalandıracaq. Demirəm ki, bunu Azərbaycanın əli ilə edəcək. Rusiyanın Ermənistana qarşı əlində kifayət qədər rıçaklar var. Ən adi bir şey, Rusiya Ermənistana verdiyi təbii qazın qiymətini 1 sent qaldırsa bu bəs edər. Bu gün Rusiyadan tamamən asılı olan dövlət ona təpik atır. Ermənilər tarixən söykəndikləri imperiyalara məqamı gələndə xəyanət edib. Bunu biz İran imperiyasında, Osmanlı və Sovet imperiyalarında görmüşük. Sovetlərin dağılma ehtimalı gələndə Qarabağ münaqişəsini törədib və SSRİ-ni içəridən dağıtmağa yardımçı oldular. Rusiyaya qarşı embarqolar qoyulduğu zamanda ermənilər Qərbə meyil etməyə başlayıblar. Ermənilərin həmişə etdiyi xəyanət sonda özlərinin qırılması ilə nəticələnib”.
Tərlan Eyvazov sonda qeyd edib ki, ermənilərin bu qədər yaramazlıqları nəticəsiz qalmayacaq:
“Azərbaycan tərəfi də hadisələri diqqətlə izləməli və soyuqqanlı hərəkət etməlidir. Ermənistan cəmiyyəti daxili qarşıdurmaya hamilədir. Bu heç də Gürcüstanda olduğu kimi dinc nəticələnməyəcək”.
Səxavət Məmməd