“Ermənistan onsuz da bu günə qədər özünü terrorçu dövlət kimi aparıb” – İrəvandan MƏKRLİ PLAN
“Mülki əhalini hədəf almaq, beynəlxalq prinsip və normaları pozmaq artıq onlar üçün adi hala çevrilib”.
Bunu Yenicag.az-a açıqlamasında hərbi ekspert Azər Bayramov deyib.
O, mediada Ermənistanın Azərbaycana qarşı terror planları ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Hərbi ekspert qeyd edib ki, terror çoxşaxəli anlayışdır.
“Bu, birbaşa sərhədlərimizə qarşı həyata keçirilmiş təxribatdır, terror fəaliyyətidir. Belə informasiyanı əldə edən və yayan mənbələr məsuliyyət daşıyır. Çünki niyyətlər fərqli ola bilər. Sözügedən plan həyata keçirilə bilərmi? Xeyir. Azərbaycanın istər hüquq-mühafizə orqanları, istərsə də təhlükəsizlik xidməti kifayət qədər təsir gücünə malikdir. Bütün proseslərin qabaqlanması üçün zəruri tədbirlər vaxtında həyata keçirilir”.
O xatırladıb ki, Ermənistan tərəfi isə onsuz da bu günə qədər özünü terrorçu dövlət kimi aparıb:
“Planlarında da, əməllərində də bu açıq şəkildə görünür. Ermənistanda əvvəllər fəaliyyət göstərmiş və hazırda da mövcud olan ASALA, “Yerkrapa”, VOMA kimi terrorçu təşkilatlar mövcuddur. Bu qruplaşmalar vasitəsilə sistematik şəkildə mərhələ-mərhələ strukturlaşdırılmış fəaliyyət aparırlar”.
Hərbi ekspert əmindir ki, onlar ehtiyatda olan hərbçilərin müəyyən hissəsini cəlb edərək bir hissəsini ordu kimi hazırlayırlar:
“Həmçinin, orduya cəlb edə bilmədikləri mülki şəxsləri də bu terrorçu strukturlara qatırlar və müxtəlif təlimlərə cəlb edirlər. Bu təlimlər isə Ermənistan ərazisində yerləşən poliqonlarda həyata keçirilir ki, həmin poliqonlar Müdafiə Nazirliyinin tabeliyindədir. Yəni terrorun dövlət səviyyəsində hazırlandığını deməyə yetəri qədər əsas var”.
“Ermənistan tarixən riyakar mövqeyini indi də davam etdirir. Mülki əhalini hədəf almaq, beynəlxalq prinsip və normaları pozmaq artıq onlar üçün adi hala çevrilib. Hər zaman bunun şahidi olmuşuq. Sadəcə indi fərqli don geyindirərək planlarını həyata keçirməyə çalışır. Dildə sülhdən danışsalar da bütün fəaliyyətləri revanşa hesablanıb. Lakin qətiyyən niyyətlərinə çatmayacaqlar”, – deyə o, fikirlərini yekunlaşdırıb.
Nəsimi Ələsgərli