Ermənistan Müdafiə Nazirliyi Qazaxla sərhəddə yerləşən kəndlərdə baş verən etiraz aksiyalarında hərbi geyimli şəxslərin olması ilə bağlı yayılan görüntülərə münasibət bildirib.
Yenicag.az “Armenpress”ə istinadla xəbər verir ki, bu barədə qurumun bəyanatında qeyd olunub.
“İnternetdə Tavuş vilayətinin Kirants (Güney) kəndində hərbi geyimli şəxslərin siyasi aksiyaya qoşulması ilə bağlı video yayılıb.
Ermənistan Müdafiə Nazirliyinin hərbi polisi hərbi geyimli şəxslərin şəxsiyyətinin müəyyən edilməsi və yayılan məlumatların qiymətləndirilməsi istiqamətində tədbirlər görür.
Eyni zamanda, Ermənistan Müdafiə Nazirliyi xəbərdarlıq edir ki, Ermənistan Silahlı Qüvvələrini siyasi proseslərə cəlb etmək cəhdinə adekvat hüquqi qiymət veriləcək”, – deyə məlumatda bildirilib.
Xatırladaq ki, aksiyalarda iştirak edən bir sıra zabitlər daha sonra açılama yayaraq, üzr istədiklərini bildiriblər.
Rafi Müslümov
www.yenicag.az