Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” (VM) partiyasının deputatları Baş nazir Nikol Paşinyanla görüşü ümidlə gözləyirlər.
Yenicag.az xəbər verir ki, bu barədə “Joğovurd” nəşri məlumat yayıb.
Qəzetin əldə etdiyi məlumata əsasən, iqtidar fraksiyasının deputatları Paşinyanla görüşün təşkil olunması üçün hakim fraksiyanın rəhbərliyinə müraciət ediblər:
“Baxmayaraq ki, VM fraksiyasının üzvləri zahirən hər şeyin qaydasında olduğunu, ölkənin Skandinaviya ölkələri kimi sakit və firavan olduğunu göstərməyə çalışır, həmçinin Paşinyan da ölkədə həyatın aktiv olduğunu vurğulayır, lakin yenə də deputatların daxili narahatlıqları və açıq qalan sualları var. Avropa İttifaqına (Aİ) üzvlük məsələsi də havadan asılı vəziyyətdə qalıb. Paşinyan əvvəlcə referendum olmayacağını, Ermənistanın Aİ-yə yalnız onların icazə verdiyi qədər yaxınlaşacağını bildirmişdi. İndi isə tamamilə əksinə, hökumət iclasında bu məsələni müzakirə edir və bildirir ki, Ermənistanın Avropa gələcəyini 50 min imza toplayan xalq müəyyənləşdirəcək”.
KİV həmçinin əlavə edib ki, bu məsələləri və daxili müzakirələri aydınlaşdırmaq üçün VS fraksiyasının deputatları Paşinyanla görüşmək istəyirlər. Amma bu görüşün nə vaxt baş tutacağı, Paşinyanın parlamentə nə zaman gələcəyi hələ bəlli deyil. Deputatlar fraksiya rəhbərinin cavabını gözləyirlər.
Qeyd edək ki, “Hraparak” nəşri də analoji məlumatla çıxış edib.
Qəzet yazır ki, Aİ-yə üzvlük layihəsinə dəstək verilməsindən sonra Rusiyadan gələn təhdidlər Nikol Paşinyanı narahat edib.
Bildirilir ki, Paşinyan, icra və qanunvericilik orqanlarının rəsmilərinin iştirakı ilə İcevan şəhərində müzakirələr təşkil edib. Bu müzakirələrdə Ermənistan iqtisadiyyatına gözlənilən ağır təsirlərin qarşısını almaq yolları təklif olunub. Lakin o bildirib ki, Aİ layihəsindən geri çəkilmək və onu qəbul etməkdən imtina etmək mümkün deyil.
Ancaq məlum olub ki, bazar ertəsi başlayacaq parlamentin yaz sessiyasının ilk iclasının gündəliyinə Aİ-yə üzvlük layihəsi daxil edilməyib, baxmayaraq ki, bu layihə keçən ilin sonundan parlamentə təqdim edilib.
Hakimiyyət fraksiyasında isə deputatların böyük bir hissəsi bu layihənin qəbuluna qarşı çıxır. Onlar bunu “təhlükəli nəticələri olan macəra” adlandırırlar. Layihənin mətni isə “Vətəndaş Müqaviləsi” fraksiyasında istehza mövzusu olub. Fraksiya üzvləri Avropaya tələsənlərin savadsızlıq və sadəlövhlük səviyyəsindən heyrətləndiklərini bildirirlər.
Rafi Müslümov
www.yenicag.az