“Şübhəsiz ki, bu gün Ermənistanın siyasi hakimiyyətinin başında duran Baş nazir Nikol Paşinyan elə bir siyasət yürütməyə çalışır ki, həm Avrasiya İqtisadi İttifaqı (Aİİ) ilə münasibətləri qoruyub saxlaya bilsin, həm də Avropa İttifaqı (Aİ) ilə əlaqələri gücləndirsin. Bu siyasətin kökündə iqtisadi və siyasi mənfəətlərin balanslaşdırılması dayanır”.
Bu sözləri Yenicag.az-la söhbətində Milli Məclisin deputatı Azər Allahverənov deyib.
Millət vəkili İrəvanın Aİİ və Aİ arasındakı “iki stul” stiyasətinin pərdəarxası məqamlarını şərh edib.
Onun sözlərinə görə, Aİİ çərçivəsində Ermənistan və Rusiya arasındakı ticarət dövriyyəsi 2023-cü ildə 16-17 milyard dollar, 2024-cü ildə isə 12 milyard dollar civarında olub:
“Bu əməkdaşlıq, xüsusilə Rusiyanın iqtisadi sanksiyalar fonunda Ermənistan üçün böyük iqtisadi faydalar təmin edir. Digər tərəfdən, Avropa İttifaqı ilə münasibətlərə daha çox siyasi müstəvidə üstünlük verilir. Paşinyan bu çərçivədə Avropa İttifaqına üzvlük mesajı ilə Avropadan mümkün siyasi dəstəkləri qazanmağa çalışır. Bu yanaşma isə Avrasiya İqtisadi İttifaqının məqsəd və vəzifələrinə ziddir. Əgər Ermənistan Avropa İttifaqı ilə əlaqələrini gücləndirirsə, bu, Avrasiya İqtisadi İttifaqından çıxmağı zəruri edir. Bununla belə, Ermənistan iqtisadi cəhətdən Avrasiya İqtisadi İttifaqından faydalansa da, siyasi dəstəyi Avropa İttifaqı və digər Qərb ölkələrindən əldə etməyə çalışır”.
A. Allahverənovun fikrincə, Paşinyan son çıxışlarında “balanslaşdırılmış siyasət” həyata keçirmək niyyətində olduğunu vurğulayıb:
“Bu siyasət çərçivəsində Ermənistanın xarici siyasət kursu diversifikasiya olunacaq və müxtəlif qütblər – Rusiya, Avropa İttifaqı və ABŞ ilə əlaqələr ayrı-ayrı xətlər üzrə inkişaf etdiriləcək. Lakin bu, Ermənistanın eyni anda həm Rusiya, həm də Qərb blokları ilə əməkdaşlıq etməyə çalışdığı və “iki stulda oturmaq” kimi qiymətləndirilən siyasəti həyata keçirməsini göstərir. Bu siyasətin reallaşdırılması isə çətindir, çünki Ermənistanın bir çox məsələlərdə Rusiyanın maraqlarını dəstəkləməsi zəruridir. Rusiya və Avropa İttifaqı arasında olan geosiyasi maraqlar toqquşur və Ermənistan bu iki güc arasında balans yaratmağa çalışır”.
Deputat onu da əlavə edib ki, eyni zamanda, Ermənistanın İranla əməkdaşlıq təşəbbüsləri də nəzərə çarpır:
“Xüsusilə nəqliyyat layihələri kimi sahələrdə birgə işlər gündəmdədir. Lakin bu əməkdaşlıq yalnız Azərbaycanla münasibətlərin normallaşması və kommunikasiyaların açılması ilə mümkündür. Ermənistan öz revanşist mövqeyindən və işğalçılıq siyasətindən əl çəkməli, sülh prosesinə real addımlarla qoşulmalıdır. Ermənistanın xarici siyasətindəki bu çoxşaxəli yanaşma uzunmüddətli perspektivdə risklər daşıyır. Əldə edilən qısa müddətli dividentlər, uzunmüddətli geosiyasi ziddiyyətlərə səbəb ola bilər. Ekspertlər də Ermənistanın bu balanslaşdırılmış siyasətini tənqid edirlər və qeyd edirlər ki, bu yanaşma ölkənin etibarlı tərəfdaş imicinə xələl gətirir”.
“Azərbaycanın xarici siyasəti ilə müqayisədə Ermənistanın siyasəti daha qeyri-sabit və ziddiyyətli görünür. Azərbaycan etibarlı tərəfdaş və strateji müttəfiq kimi tanınır və bu mövqeyi müxtəlif dövlətlər tərəfindən də təsdiqlənir. Ermənistan isə müxtəlif qütblərlə əlaqələrini genişləndirməyə çalışsa da, öz etimadını təsdiqləyəcək real addımlar atmır. Gələcəkdə bu siyasətin nə dərəcədə uğurlu olacağını fevral ayında Ermənistanla bağlı nəzərdə tutulan proseslər göstərəcək”, – deyə o, fikirlərini yekunlaşdırıb.
Rafi Müslümov
www.yenicag.az