Azər Badamov: “Dövlət başçımız dünyanın nəbzini tutmağı bacaran liderdir”
“Prezident İlham Əliyevin Davosda keçirdiyi görüşlər Azərbaycanın milli maraqlarının təmini deməkdir”.
Bunu Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

O, Prezident İlham Əliyevin Davosda səsləndirdiyi siyasi mesajların geosiyasi əhəmiyyətindən danışıb. Deputat bildirib ki, Prezident İlham Əliyev iştirak etdiyi bütün platformalardan Azərbaycanın sülh gündəliyini və sülh təşəbbüslərini irəli aparmaq üçün məharətlə istifadə edir.
“Builki Davos Forumu ilə bağlı qeyd olunmalı ilkin məqam odur ki, Forum “Əməkdaşlıq ruhu” mövzusu üzrə keçirilir. Forum dünyanı yaxından maraqlandıran biz daha mübahisəli dünyada necə əməkdaşlıq edə bilərik, yeni artım mənbələrini necə aça bilərik, insanlara necə daha yaxşı sərmayə qoya bilərik, innovasiyaları miqyasda və məsuliyyətlə necə tətbiq edə bilərik, planet sərhədləri daxilində rifahı necə qura bilərik kimi beş əsas qlobal çağırış üzərində cəmlənib.
Azərbaycan Prezidentinin verdiyi açıqlamalara, səsləndirdiyi fikirlərə nəzər yetirərkən dövlət başçımızın baxışlarının bu beş istiqamətlə səsləşdiyinin şahidi oluruq. Deməli, dövlət başçımız dünyanın nəbzini tutmağı bacaran liderdir. Prezident İlham Əliyevin sülh təşəbbüsləri dünya tərəfindən təqdir edilir. Ermənistan Prezidenti Vaaqn Xaçaturyan da Azərbaycan Prezidentinə siyasi iradəsinə və regionda sülhə nail olmaq üçün göstərdiyi səylərə görə təşəkkür etdi. Azərbaycan Prezidentinin fəaliyyəti və şəxsi keyfiyyətləri Serbiya Prezidenti Aleksandr Vuçiç tərəfindən növbəti dəfə yüksək dəyərləndirildi.
Forumda Prezident İlham Əliyev ABŞ ilə münasibətlərə toxunaraq bildirdi ki, artıq tərəflər arasında məlumat mərkəzləri, süni intellekt, bağlantı, enerji, həmçinin müdafiə sənayesi üzrə əlaqələr dərinləşdiriləcək. Habelə, strateji tərəfdaşlıq xartiyasının yaxın vaxtlarda yekunlaşacağı və növbəti ay həyata keçirilməsinin planlaşdırıldığı da vurğulandı. Dövlət başçımız həm ənənəvi, həm də bərpaolunan enerji ilə bağlı olduqca önəmli fikirlər səsləndirdi və qeyd etdi ki, Avropa nə ənənəvi, nə də bərpaolunan enerji ilə bağlı lazımi sərmayə qoymur.
Bərpaolunan enerji sahəsində Azərbaycanın əsas tərəfdaşları BƏƏ, Səudiyyə Ərəbistanı, Çin və Böyük Britaniyadır. Diqqətçəkən məqamlardan biri də Azərbaycanda ikinci mühüm neft bumunu yaşaya biləcəyimizə dair gözləntinin açıqlanması idi. Dövlət başçımız ölkəmizin multikulturalizm, mədəni və etnik müxtəliflik, qarşılıqlı fəaliyyət və birgəyaşayışa sadiqliyini bir daha dünyaya təqdim etdi. Azərbaycanda ‘Dell Technologies’ şirkətinin iştirakı ilə superkompüter mərkəzi yaradılması da qlobal çağırışlar fonunda mühüm məsələdir. Bütövlükdə, Prezident İlham Əliyevin Davosda keçirdiyi görüşlər Azərbaycanın milli maraqlarının təmini deməkdir”, -deyə o bildirib.
Nəsimi Ələsgərli












