Səbinə Salmanova: “İlham Əliyevin xarici siyasət kursu beynəlxalq səviyyədə təsdiqləndi”
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın həyata keçirdiyi müstəqil, balanslaşdırılmış və prinsipial xarici siyasət kursu ölkəmizin beynəlxalq mövqelərini davamlı şəkildə möhkəmləndirir. Bu siyasət milli maraqların qorunması ilə yanaşı, beynəlxalq hüququn norma və prinsiplərinə hörmət, münaqişələrin sülh yolu ilə həlli və çoxtərəfli əməkdaşlığın təşviqi kimi fundamental dəyərlərə əsaslanır. Məhz bu ardıcıl və məsuliyyətli yanaşma Azərbaycanın regionda və dünyada etibarlı tərəfdaş kimi tanınmasını təmin edib.
Bu sözləri Milli Məclisin deputatı Səbinə Salmanova deyib.
Onun sözlərinə görə, müasir beynəlxalq münasibətlər sistemində dialoq, qarşılıqlı hörmət və çoxtərəfli əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır:
“Azərbaycan məhz bu dəyərləri rəhbər tutaraq Şərqlə Qərb, Şimalla Cənub arasında etibarlı körpü rolunu oynayır, müxtəlif maraqların uzlaşdırılmasına və etimad mühitinin formalaşmasına mühüm töhfələr verir. Multikulturalizm, dini tolerantlıq və sivilizasiyalararası dialoq sahəsində ölkəmizin topladığı zəngin təcrübə onun qlobal sülh təşəbbüslərində fəal iştirakını şərtləndirən əsas amillərdəndir”.
Deputat bildirib ki, bu baxımdan Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp tərəfindən 2025-ci il 29 sentyabr tarixində Qəzza münaqişəsinə son qoyulmasına yönəlmiş əhatəli sülh təşəbbüsünün irəli sürülməsi beynəlxalq ictimaiyyət tərəfindən ciddi maraqla qarşılanıb:
“Sözügedən təşəbbüs Yaxın Şərqdə uzun illərdir davam edən gərginliyin aradan qaldırılması, humanitar böhranın yüngülləşdirilməsi və regionda dayanıqlı sabitliyin təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda, bu təşəbbüs qlobal münaqişələrin həllində yeni və daha inklüziv yanaşmanın formalaşdırılmasına xidmət edir. ABŞ Prezidenti Donald Trampın bu təşəbbüs çərçivəsində Azərbaycan Prezidenti cənab İlham Əliyevə ünvanladığı məktub xüsusi siyasi və diplomatik məna daşıyır. Bu müraciət ABŞ kimi aparıcı qlobal güc mərkəzinin Azərbaycanı beynəlxalq müstəvidə etibarlı, prinsipial və sülhə töhfə verən tərəfdaş kimi qəbul etdiyini aydın şəkildə nümayiş etdirir. Prezident İlham Əliyevin ünvanına göndərilən bu məktub ölkə başçımızın həyata keçirdiyi xarici siyasət kursuna verilən yüksək siyasi qiymətin ifadəsidir”.
S.Salmanova qeyd edib ki, məktubda Azərbaycanın Qəzza münaqişəsi ilə bağlı irəli sürülən təşəbbüs çərçivəsində təsis ediləcək Sülh Şurasına təsisçi üzv qismində qoşulmağa dəvət olunması ölkəmizin artan beynəlxalq nüfuzunun və diplomatik çəkisinin növbəti təsdiqidir:
“Azərbaycan bu dəvəti sülhün təşviqi, münaqişələrin siyasi-diplomatik yollarla həlli və çoxtərəfli əməkdaşlığın gücləndirilməsi üçün mühüm platforma kimi dəyərləndirir. Müasir dünyada təhlükəsizlik bölünməzdir və dayanıqlı sülh yalnız qarşılıqlı etimad, dialoq və beynəlxalq hüququn aliliyi əsasında mümkündür. Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə nümayiş etdirdiyi prinsipial mövqe, humanitar təşəbbüsləri və fəal çoxtərəfli diplomatik fəaliyyəti bu yanaşmanın real və praktik təzahürüdür.
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə irəli sürülən yeni sülh mexanizmində Azərbaycanın iştirakı Şuranın institusional potensialını daha da gücləndirəcək. Azərbaycan multikultural dəyərlərə, dini dözümlülüyə və sivilizasiyalararası dialoqa əsaslanan zəngin təcrübəsini bu platformaya töhfə kimi təqdim etməyə hazırdır”.
Parlamentari onu da söyləyib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın bu təşəbbüsdə fəal və konstruktiv iştirakı Yaxın Şərqdə, eləcə də daha geniş beynəlxalq müstəvidə dayanıqlı sülhün, sabitliyin və rifahın təmin olunmasına mühüm töhfə verəcək:
“Bu proses Azərbaycanın qlobal sülh gündəliyində tutduğu mövqenin daha da möhkəmlənməsinə və ölkəmizin beynəlxalq ictimaiyyət tərəfindən etibarlı tərəfdaş kimi qəbulunun dərinləşməsinə xidmət edir”.












