Çeçenistanda yeni mərhələ: “Liberal idarəetmə, yoxsa silahlı müqavimətin qayıdışı?”
“Hakimiyyətdəki klanlar arasında qarşıdurma başlayacaq və lokal silahlı toqquşmaların da olacağı gözləniləndir”.
Bunu Yenicag.az-a açıqlamasında siyasi şərhçi Rəfail Becanov deyib.

O, böyrək çatışmazlığı yaşayan Çeçenistan rəhbəri Ramzan Kadırovun hakimiyyətdən gedişi ilə yarana biləcək mümkün Rus-Çeçen müharibəsi ilə bağlı ehtimallarını səsıləndirib.
Siyasi şərhçi bildirib ki, Kadırovun səhhəti ilə bağlı yayılan informasiyaların rəsmi təsdiqi olmasa da bu, geniş yayılmış məlumatdır:
“Təbii ki, xəbərin yanlışlığı ola bilər, amma ciddi arqumentlərlə təkzib faktı olmadığından reallığa uyğun görünür. Ona görə Kadırovun vəzifədən gedişi ilə onun şəxsi hakimiyyət piramidasının dağılma ehtimalı çoxdur. Bu, Çeçenistanda yeni mərhələyə keçid olacaq. Amma bunun yeni rus-çeçen müharibəsinə şərait yaradacağı reallıq kimi görünmür.
Çeçenistanda Kadırov rejiminin dayağı onun şəxsi hakimiyyəti ilə yanaşı Rusiyanın kəşfiyyat orqanlarının birgə qurduğu sistemdir. Ona görə də Rusiyanın alternativ varinatlarının olmasını nəzərdən qaçırmaq olmaz. Rusiya hakimiyyəti özünün bölgədə törətdiklərini yaxşı bilir. Bu baxımdan təhlükənin reallığını Rusiyanın hesablamaması varinatı istisnadır. Varis planı, güc prinsipi, kəşfiyyatın fəaliyyətinin genişləndirilməsi kimi məsələlər nəzərə alınmamış deyil.
Rusiya tərəfindən Kadıovun oğlu Amir, Rusiya Qəhrəmanı Delimxanov, Ukraynada Rusiya tərəfindən döyüşən Alauddinov və digərləri ilə bağlı plan nəzərdən keçirilir. Buna görə də yeni, xüsusi ilə aktiv bir müharibə olacağı, Dudayev dövründə olduğu kimi, yaxud Aslan Məshədovun müqavimət müharibəsinin yaşanacağı gözlənilən deyil.
Bunun bir çox səbəbləri var. Çeçenistanda silahlı müqavimət qüvvələri böyük mənada sıradan çıaxarılıb, xalq rus şovinzminin və dağıdıcılığının ağır sarsıntılarını yaşayıb. Bu səbəbdən də müharibə ehtimalı indiki mərhələdə mümkünsüzdür. Milli müqavimətin lideri baxımından hazırda orada boşluq var. Eyni zamanda yeni yetişən nəslin mübarizə ruhunun analizi vacib elementdir. Lakin Kadırov hakimiyyəti elə sistem formalaşdrıılıb ki, bunu analiz etmək çətindir.
Bütün hallarda Kadıovun gedişi ilə Çeçenistanda indi ilə müqayisədə liberal idarəetmə yaranacaq və idarəetmə mərkəzdənqaçma meyillərinə təkan verəcək. Hakimiyyətdəki klanlar arasında qarşıdurma başlayacaq və lokal silahlı toqquşmaların da olacağı gözləniləndir. Bu, baş verərsə, silahlı müqavimət hərəkatının formalaşmasına təkan vermiş olar. Təbii ki, Ukraynada Rusiyaya qarşı müqavimət göstərən çeçen döyüşçüləri bunu təşkil etməyə cəhd edəcəklər.
Geniş mənada götrüsək, rus-çeçen müharibəsinin aktiv fazası partizan hərəkatı, dağlarda yeni silahlı müqavimət dəstələrinin yaranması ilə başlaya bilər. Amma bütün bunlar üçün Rusiya-Ukrayna müharibəsinin yekunu həlledici təsirə malikdir. Rusiya bu müharibədən öz şərtlərinə nail olmaqla çıxarsa, hər hansı daxili qarşıdurmanın və ya etirazın, hətta silahlı olsa belə, amansızcasına qarşısını alacaq. Bunu Rusiyanın amansız törətdiklərindən hər kəs yaxşı bilir”, – deyə o bildirib.
Nəsimi Ələsgərli












