“Azərbaycan Vətən müharibəsində olduğu kimi yenə də öz haqqını özü bərpa etmək iqtidarındadır”.
Bu fikirləri Ermənistanın Qərb ölkələri ilə hərbi sahədə intensivləşən işbirliyinin regiondakı vəziyyətə təsirini dəyərləndirən politoloq Ramiz Alıyev Yenicag.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, İrəvanın bir sıra ölkələrlə təmasları artırması və müxtəlif anlaşmalar imzalaması Ermənistanın müttəfiq axtarışında olduğunu göstəricisidir:
“Revanşizmə əl atan Ermənistan hakimiyyəti bir daha düşünməlidir. Çünki Azərbaycan nəyə qadir olduğunu və nələr edə biləcəyini 44 günlük müharibədə açıq-aydın göstərib. Həmçinin uğurlu antiterror əməliyyatları ilə nəinki Ermənistana, hətta dünyaya “Azərbaycan ərazisində heç kim separatizmlə məşğul ola bilməz” dərsini verdik.
Ermənistan 2020-ci il 10 noyabr qəbul edilən üçtərəfli bəyanat əsasında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir. O bəyanatın əsas müddəalarının yerinə yetirilməsi ilə Azərbaycan Respublikasının suverenliyi tam təmin olunmalıdır. Yəni burada söhbət işğal altında qalan 8 kəndin azad edilməsindən gedir.
Azərbaycan Vətən müharibəsində olduğu kimi yenə də öz haqqını özü bərpa etmək iqtidarındadır. Buna isə heç kəs qarışa bilməz. Çünki həmin ərazilərin beynəlxalq hüquq tərəfindən Azərbaycan əraziləri kimi tanındığı hər kəsə məlumdur. Biz müharibə yox, sülh istəyirik və prosesin dayanıqlı sülhlə nəticələnməsini gözləyirik”.
Nəsimi Ələsgərli
www.yenicag.az