Etik sərhədlər POZULUR: Cəmiyyəti çaşdıran videolar niyə bu qədər populyar OLDU? – VİDEO
Sosial şəbəkələrdə yayılan və süni intellektlə hazırlanan “küçə reportajları” son günlər virtual müzakirələrin əsas mövzusuna çevrilib. Reallıqdan uzaq, ssenari əsasında qurulan və kobud, bəzən təhqiredici dialoqlarla müşayiət olunan bu videoların tamaşaçılara “gerçək müsahibələr” kimi təqdim olunması cəmiyyətdə çaşqınlıq yaradır. İctimai dəyərlərə, etik qaydalara zidd bu məzmunlar xüsusilə yeniyetmələr və gənclər arasında geniş yayılır.
Dilin, davranışın və mövzu seçiminin heç bir ictimai məsuliyyət daşımadan təqdim edildiyi bu kontentlər süni intellektin nəzarətsiz istifadəsinin təhlükəli nəticələrini göz önünə sərir. Reallığı təhrif edən, cəmiyyətin zövqünü və düşüncə tərzini mənfi istiqamətə yönəldən bu tip videolar, eyni zamanda sosial medianın nəzarətsiz informasiya mühiti problemini də bir daha aktuallaşdırır.
Mövzu ilə bağlı Yenicag.az-a açıqlama verən Milli Məclisin deputatı Hikmət Babaoğlu süni intellektin cəmiyyətlərə təsiri, onun müsbət və mənfi tərəfləri, eləcə də bu texnologiyanın gələcək perspektivləri barədə açıqlama verib.
Deputat qeyd edib ki, süni intellektin həm müsbət, həm də mənfi tərəfləri mövcuddur. Onun fikrincə, bu texnologiyadan fayda götürmək üçün cəmiyyətlər öz maraqları naminə düzgün istifadə etməyi bacarmalıdırlar:
“Əlbəttə, süni intellektin müsbət tərəfləri olduğu kimi, mənfi tərəfləri də mövcuddur. Süni intellektin yaratdığı yeni imkanlardan və fürsətlərdən yalnız o cəmiyyətlər faydalana biləcək ki, öz maraqlarının və inkişafının lehinə istifadə etməyi bacarsınlar. Bu cəmiyyətlər qazanacaq və inkişaf edəcəklər. Lakin, əgər süni intellekt manipulyasiya vasitəsi kimi, hətta cinayət məqsədləri üçün istifadə olunarsa, bu, həmin cəmiyyətlərə də mənfi təsir göstərəcək”.
H. Babaoğlu hesab edir ki, süni intellektin imkanları barədə geniş maarifləndirmə işləri aparılmalıdır. O, hazırda sosial şəbəkələrdə yayılan qısa, səkkiz saniyəlik videoların çox zaman təhrif və manipulyasiya məqsədi güddüyünü bildirib:
“Mənə elə gəlir ki, bu sahədə süni intellektin imkanları və ondan düzgün istifadə olunması barədə informasiya cəmiyyətində geniş maarifləndirmə işləri aparılmalıdır. Hazırda yayılan, misal üçün, səkkiz saniyəlik videolar, təbii ki, hazırkı mərhələdə bizim xeyrimizə işləməsə də, daha çox təhrif və aldadıcı təsirlər göstərir. Bəzən şəxsiyyətin, fəaliyyətin və ya hadisələrin təhrif olunması, hətta orijinal olmayan məzmunun təqdim edilməsi halları ilə rastlaşırıq. Bu isə artıq müəyyən məsuliyyət tələb edir”.
Deputat vurğulayıb ki, bu cür hallarla mübarizə aparılmalı, cəmiyyət isə zamanla real və manipulyasiya edilmiş məzmunu ayırd etməyi bacarmalıdır:
“Bu cür hallara qarşı mübarizə aparılacaq və zamanla ictimaiyyət bu məsələləri – manipulyasiyanı və həqiqəti – ayırd etməyi öyrənəcək. Lakin daha yaxşı olar ki, bu sahədə mübarizə metodları müəyyənləşdirilsin. Müvafiq qurumlar artıq bununla bağlı tədbirlər görür və gələcəkdə də görəcəklər”.
Millət vəkili həmçinin qanunvericilik bazasının da yenilənməsinin vacibliyini vurğulayıb:
“İkincisi, qanunvericilik bazası bu kimi hallara qarşı geniş şəkildə yenilənməlidir. Mən əminəm ki, bu istiqamətdə də addımlar atılacaq”.
Sonda o, cəmiyyətin süni intellektin gücünü və risklərini dərk etməli olduğunu deyib:
“Nəhayət, ən əsas məsələ odur ki, savadlı cəmiyyət özü fərqində olsun ki, süni intellektin inkişafı və tətbiqi nəticədə bizim gələcəyimizə, inkişaf perspektivlərimizə təsir göstərəcək. Biz qərar verməliyik ki, bu texnologiyaların imkanlarından milli maraqlarımızın lehinə istifadə edək”.
Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası (AİKTSA) İdarə Heyətinin sədri Elvin Abbasov isə süni intellekt texnologiyalarının hazırkı inkişaf səviyyəsi və bu sahədə ortaya çıxan sosial-etik problemlərlə bağlı mühüm açıqlamalar verib.
Onun sözlərinə görə, hazırda süni intellekt tam mənada insan intellektinə malik olmasa da, səs və görüntü əlavə etmə texnologiyası kifayət qədər inkişaf edib. O, söyləyib ki, bu texnologiyalar artıq bir neçə ildir ki, istifadə olunur:
“Deməli, hazırda təəssüf ki, süni intellektdə tamamilə insan intellektinə malik olmayan, ancaq səs və görüntü əlavə etmə texnologiyası mövcuddur. Bu, artıq bir neçə ildir istifadə olunur. Həmçinin, mövcud olan şəxslərin adı, səsi və görüntüsü əsasında onların şəxsi kopyalarını yaratmaq mümkündür. Bunların hər biri süni intellektin inkişaf etdiyi və çatdığı son nöqtədir”.
E. Abbasov qeyd edib ki, bu inkişafın fonunda müxtəlif xidmətlər formalaşmağa başlayıb və bunlardan biri də süni intellektlə hazırlanmış küçə reportajlarıdır:
“Sizin qeyd etdiyiniz məqam da elə budur – yəni süni intellektlə hazırlanmış küçə reportajları adlanan yeni bir axın formalaşıb. Bu axında artıq müxtəlif yanaşmalar mövcuddur və insanlar real şəxslərdən ala bilmədikləri məlumatları özləri ssenari əsasında qısa küçə reportajları şəklində hazırlaya bilirlər. Mən də belə nümunələrə rast gəlmişəm – müxtəlif atalar sözləri ilə, qeyri-etik ifadələrlə və müxtəlif sahələri, məsələn, tibb, sosiologiya, iqtisadiyyat, siyasət kimi sahələri əks etdirən reportajlar hazırlanır. Bütün bunlar gözlənilən idi”.
O əlavə edib ki, əgər bu cür reportajlarda real insanlar iştirak etmirsə və yaradılan personajlar tamamilə süni intellekt məhsuludursa, bu zaman hüquqi baxımdan problem yaranmır:
“Lakin etik baxımdan müəyyən çətinliklər mövcuddur. İlk öncə etik problemlər ondan ibarətdir ki, sosial şəbəkələr üzərindən cəmiyyətə təqdim olunan hər hansı icmal – istər vizual, istər yazılı, istərsə də görüntülü kontent – etik çərçivələr daxilində hazırlanmalıdır. Cəmiyyətin dəyərləri, azyaşlıların sosial şəbəkələrdə iştirakı və digər bir çox məsələlər nəzərə alınmalıdır. Təəssüf ki, ölkəmizdə bu tip hüquqi normativ aktlar yoxdur və sosial şəbəkələrdə bu fəaliyyətlərə heç bir qadağa qoyulmur. Dünyada isə hüquqi və etik çərçivələr bütün ölkələrdə formalaşmaq üzrədir”.
E. Abbasov bildirib ki, süni intellektlə yaradılan videolarda, səsli və görüntülü məzmunlarda “süni intellektlə yaradılıb” qeydinin olması mütləqdir:
“Bu istiqamətdə həm sosial şəbəkələrin özləri, həm də beynəlxalq təşkilatlar artıq müəyyən tədbirlər görməyə başlayıb. Əslində, olması lazım olan, süni intellektlə yaradılan videoların, səsli və görüntülü məzmunların üzərində “süni intellektlə yaradılıb” kimi bir etiketin olmasıdır. Bu istiqamətdə artıq işlər aparılır. Həm sosial şəbəkələr özləri bu məsələ üzərində çalışır, həm də bir çox beynəlxalq təşkilatlar süni intellekt məhsullarının belə işarələnməsi üçün tədbirlər görürlər. Məqsəd odur ki, insanlar bilsinlər ki, bu məzmun real insan tərəfindən yaradılmayıb, sadəcə vizuallaşdırma üçün süni intellekt alətindən istifadə olunub. Hər halda belə məzmunlarda bu qeyd mütləq olmalıdır”.
AİKTSA rəhbəri əlavə edib ki, bu cür məzmunlarda yaş məhdudiyyətləri də tətbiq edilməlidir:
“Misal üçün, küçə reportajlarında 18+, 16+ və ya 15+ kimi yaş məhdudiyyətləri filmlərdə olduğu kimi tətbiq edilməlidir. Multimedia kontentlər üçün də standartlar yaradılmalıdır ki, izləyicilər baxarkən məzmunun şiddət və digər məzmun xüsusiyyətlərini bilsinlər. Bu, həm də məzmunu hazırlayanların etik məsuliyyətindən asılıdır”.
E. Abbasov süni intellekt vasitəsilə hazırlanan məzmunların ciddi etik və sosial məsuliyyət daşıdığını vurğulayıb:
“Əgər küçə reportajlarında çoxlu söyüşlü ifadələr və ya qeyri-etik məzmun varsa, mütləq olaraq həmin kontent üzərində yaş məhdudiyyəti və “süni intellektlə yaradılıb” etiketi göstərilməlidir. Çünki bəzi insanlar bu məzmunları real kimi qəbul edirlər. Mənim qarşımda ən çox rast gəldiyim nümunələrdən biri də atalar sözləri ilə hazırlanan küçə reportajlarıdır. Burada bir tərəf sual verir, qarşı tərəf isə atalar sözü ilə cavab verir və mövzuya uyğun dialoq qurulur”.
Sonda o qeyd edib ki, bu cür məzmunların yaradılması etik baxımdan mübahisəli olsa da, bir çox beynəlxalq təşkilatlar və sosial media platformaları süni intellektlə bağlı etik qaydaların və qanunvericiliyin hazırlanması üzərində çalışırlar.
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə “İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi” mövzusu üzrə dərc olunub.
Məsimə Məmmədova