!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Ətir yağları satan Dünya çempionumuz: Ağacan Abıyev məni aldatdı - ŞOK İDDİA

!Reklam – Yazi

Azərbaycanda diqqətdən kənar qalmış idmançıların adı çəkiləndə birinci növbədə boksçu Samir Məmmədov yada düşür. Gənc yaşda ulduzu parlayan, uğur arxasınca uğur qazanan, Dünya və Avropa çempionu Samir Məmmədov Prezident mükafatçısı olmasına baxmayaraq, onu nə Nazirlik yaxın buraxır, nə də Azərbaycan Boks Federasiyası…

Bir müddət əvvəl boksçumuz saytların birində verdiyi müsahibəsində ailəsini, 2 körpəsini saxlamaq üçün taksi fəaliyyəti ilə məşğul olduğunu bildirmişdi.

Yeniçağ.az-ın əldə etdiyi məlumata görə, Dünya və Avropa çempionu ailəsinin bəzi problemlərini həll etmək üçün artıq bir müddətdir ki, taksi kimi işlətdiyi avtomobilini də satıb. Düzdür, hazırda o klubların birində adi məşqçi kimi çalışır. Ancaq aldığı cuzi maaşla ailəsini təmin edə bilmədiyi üçün indi ətir yağlarının satışı ilə məşğuldur. Təbii ki, bu işdə də ailənin bəzi problemlərini həll etmək üçün yaxşı qazanc əldə etmək mümkün deyil.

Dəfələrlə Azərbaycan bayrağını yüksəklərə qaldırmış, himnimizi səsləndirmiş idmançımızın bu cür ağır sosial vəziyyəti çox acınacaqlıdır.

Jurnalistlərin zəngindən sonra Azərbaycan Boks Federasiyasının vitse-prezidenti Ağacan Abıyev bir-iki dəfə Samir Məmmədovu qəbul edib. Federasiya rəsmisi onun problemini həll edəcəyini, köməklik göstərəcəyini desə də nədənsə, sözünün üstündə durmadı.

Hətta A. Abıyev Samir Məmmədovla sonuncu görüşündə yaxın zamanda Gənclər və İdman Naziri Azad Rəhimovun qəbuluna gedəcəyini və bokçunu da özü ilə aparacağını desə də, vəd elə dörd divar arasında qaldı.
Hətta həm nazir Azad Rəhimova, həm də, ABF-nin prezidenti Kamaləddin Heydərova Samir Məmmədovla bağlı məktub ünvanlayacağını deyən millət vəkili bu sözünün də üstündə durmadı.

Məsələ ilə bağlı Yeniçağ.az olaraq, ABF-nin vitse-prezidenti, millət vəkili Ağacan Abıyevlə əlaqə saxladıq. Ona Samir Məmmədova verilən vədin nə vaxt yerinə yetiriləcəyini soruşduq. Nədənsə, Millət vəkili zəngimizdən çox narahat oldu. Ancaq verdiyi cavab həm gülməli, həm də düşündürücü idi.

“Mən nə edim? Artıq əvvəlki kimi deyil. Mənim də sözüm keçmir. Əvvəlki vaxt olsaydı, həll edərdim, indi nazir heç mənim özümü qəbul etmir”, deyən Federasiyanın vitse-prezidenti tez dəstəyi asdı.

Xatırladaq ki, Samin Məmmədov 14 dəfə Azərbaycan çempionu, yeniyetmələr arasında Dünya və Avropa çempionu, Gənclər arasında Avropa çempionudur. Kişilər arasında Dünya kuboku və Dünya çempionatının bürünc mükafatçısıdır. Həmçinin kişilər arasında Avropa 2-cisi, dəfələrlə Beynəlxalq səviyyəli turnirlərin qalibi olub. Pekin Yay Olimpiya oyunlarının iştirakçısıdır. Bundan əlavə, 2006-2007-ci illər “Azərbaycanın ən yaxşı boksçusu”, Əməkdar idman ustası və Prezident mükafatçıdır.

Keçmiş boksçu S.Məmmədov bu nailiyyətlərinə görə dəfələrlə Mİlli Olimpiya Komitəsinin prezidenti, ölkə başçısı İlham Əliyevin qəbulunda da olub.

Aygün İlqarqızı

Yeniçağ.az

www.yenicag.az

1571
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv