“EuroLeague”də GƏRGİN DUEL: “Fenerbahçe” və “Panathinaikos” üz-üzə gəlir
“Türk Hava Yolları EuroLeague” final mərhələsi çərçivəsində “Fenerbahçe Beko İstanbul” və “Panathinaikos AKTOR Athens” klubları Abu-Dabidəki “Etihad Arena”da qarşılaşacaq. Oyun öncəsi hər iki komandanın əsas oyunçuları media ilə fikirlərini bölüşüblər.
Yenicag.az xəbər verir ki, bu barədə “EuroLeague”in rəsmi səhifəsi məlumat yayıb.
“Fenerbahçe”nin oyunçusu Veyd Boldvin bildirib ki, bu, fərdi qarşıdurma deyil:
“Mətbuat üçün maraqlı görünə bilər, amma əsas məsələ komandalar arasındakı mübarizədir. Onlar bizi iki dəfə məğlub ediblər və biz bu dəfə qalib gəlmək istəyirik”.
“Panathinaikos”un mərkəzi oyunçusu Matias Lessort isə deyib ki, komandası hazırda ötən ildən daha güclüdür:
“40 dəqiqədə kim daha yaxşı oynayacaqsa, qalib odur. Bu, çox çətin qarşılaşma olacaq”.
Qeyd edək ki, 2024/25 mövsümündə bu komandalar iki dəfə qarşılaşıb və hər iki oyunda “Panathinaikos” qalib gəlib — 73:57 və 83:78 hesabları ilə.
Göycə Göycəyev