Son vaxtlar ölkədə COVİD-19-a yoluxan şəxsin müraciət edəcəyi ünvanla bağlı bəzi anlaşılmazlıqlar yaranıb. Evdə və ya iş yerində özündə virus simptomları aşkar edən şəxs bu vaxta qədər təcili tibbi yardım briqadasına müraciət edirdisə, hazırda bu qaydalar dəyişilib.
Bəzi vətəndaşlar özündə virus olduğunu ehtimal etdiyi halda xəstəxana və poliklinikalara və digər tibb müəssisələrinə müraciət edir, bəziləri isə ümumiyyətlə bu simptomları hiss etsə də, gizlədir, tibb müəssisəsinə məlumat vermir. Nəticədə ölkədə virusa yoluxma halları artmaqda davam edir.
Yenicag.az xəbər verir ki, Səhiyyə Nazirliyinin Aparat rəhbəri Nadir Zeynalov məsələ ilə bağlı yaranmış suallara aydınlıq gətirib.
Onun sözlərinə görə, indiyədək simptomu olan xəstələr COVİD-19 testi vermək və ya xəstəxanaya çatdırılmaq üçün təcili tibbi yardıma müraciət edirdilərsə, indi bunun tətbiq ediləcəyi ardıcıllıq dəyişdirilib: “Artıq özündə COVİD-19 xəstəliyinin əlamətlərini görən insanların poliklinikaya gəlməsinə ehtiyac yoxdur. Çünki bu zaman onlar digər şəxsləri də yoluxdura bilərlər. Belə şəxslər poliklinika ilə əlaqə saxlayacaqlar. Bir çoxları sahə həkiminin də telefon nömrəsini bilir, onunla da əlaqə saxlamaq olar”.
N.Zeynalov qeyd edib ki, Bakıda və ətraf ərazilərdəki poliklinkaların əsasında 39 COVİD məntəqəsi yaradılıb: “Özündə COVİD əlamətlərini hiss edən şəxslər barədə məlumatlar bu məntəqələrə çatdırılacaq. Ondan sonra təcili yardım deyil, ilkin səhiyyə xidməti çərçivəsində briqadalar həmin şəxsin evinə gələrək analizlər götürəcəklər. Testin nəticəsi çıxana qədər ona təlimat veriləcək.
Testin nəticəsi müsbət çıxarsa, sahə həkiminin nəzarəti altında onun müalicəsi aparılacaq. Əgər vəziyyətdə dəyişiklik olacaqsa, bu barədə müvafiq qurumlara məlumat verildikdən sonra xəstə pandemik xəstəxanaların birinə çatdırılacaq”.
Nadir Zeynalov deyib ki, özündə COVİD-19 əlamətləri hiss edən şəxs poliklinikaya gələrsə, orada da ona təcili xidmət göstəriləcək: “Həmin şəxslər yoxlanılaraq COVİD məntəqəsinə göndəriləcəklər. Bu məntəqələr ya ayrı bir tikilidə, ya da poliklinikaların ayrı bir girişində olacaq. Bu, ona görədir ki, COVİD-19 xəstələrinin digər insanlarla ünsiyyəti baş verməsin. Həmin məntəqələrdə belə xəstələrin müayinəsi aparılacaq, vəziyyəti qiymətləndiriləcək və test götürüləcək. Bu insanlar daha sonra xüsusi nəqliyyat vasitəsi ilə evinə çatdırılacaqlar.
Aparat rəhbəri bildirib ki, ev şəraitində müalicə olunan COVİD-19 xəstələrinin nəzarətdə saxlanılması Nazirlər Kabinetinin 12 iyun tarixli qərarına edilən dəyişikliklə tənzimlənir:
“Bu xəstələrin evi tərk etməməsi məqsədilə akt imzalanır və belə xəstələr iltizamnaməyə qol çəkirlər. Bu cür xəstələrin vəziyyətinə sahə həkimləri telefonla nəzarət edirlər. Ehtiyac olarsa, həkimlər evə gələrək xəstəyə baxış keçirəcək və vəziyyəti qiymətləndirəcəklər”.
N. Zeynalov evdə müalicə olunan xəstələrə dərman preparatlarının da pulsuz çatdırıldığını deyib: “Evdə müalicə olunan COVİD-19 xəstələrinə dərmanların poliklinikalar vasitəsilə çatdırılması nəzərdə tutulur. Əgər şəxsin COVİD-19 a yoluxma faktı təstiqlənibsə, qeydiyyata alınıbsa, bu dərmanlar ona çatdırılacaq. Ev şəraitində müalicə edilən xəstələrin dərman təminatı məsələsi həll olunacaq. Ev şəraitində müalicə edilənlər COVİD-19-a yoluxan, ancaq simptomsuz olan və yüngül əlamətləri, toksik dərmanlarla müalicəyə ehtiyacı olmayan xəstələrdir”.
Nazirlik rəsmisi əlavə edib ki, evdə müşahidə altında saxlanılan şəxslərin immun sistemini gücləndirən yüngül dərmanlarla, əsasən vitaminlərlə müalicəsi nəzərdə tutulur. O, virusa yoluxmuş şəxslərin apteklərə getməsinin yolverilməz olduğunu söyləyib./Trend/
www.yenicag.az