Fazil Mustafa: "Azərbaycanın Qəzza təşəbbüsündə iştirakı ABŞ ilə münasibətləri yeni müstəviyə daşıyır"
“Azərbaycanın belə qlobal problemlərin həllində iştirakı ölkənin həm beynəlxalq nüfuzunu, həm də ABŞ ilə əlaqələrini genişləndirir”.
Bunu Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa deyib.
O, Prezident İlham Əliyevin ard-arda dünyanın aparıcı ölkələrinə reallaşan səfərləri fonunda ölkəmizin beynəlxalq nüfuzunun daha da artmasından danışıb.
Deputat bildirib ki, Prezident İlham Əliyevin ABŞ-yə səfəri Azərbaycanın beynəlxalq nüfuzunun təsdiqi kimi qiymətləndirilir:
“Həmin səfər ABŞ Prezidenti Donald Trampın Qəzzanın yenidən qurulması ilə bağlı təşəbbüsü ilə əlaqədardır. Azərbaycan da sözügedən təşəbbüsə qoşulan ölkələr sırasındadır. Bu çərçivədə 1 milyard dollar vəsaitin ödənilməsi ilə bağlı protokola imza atılıb. Azərbaycanın belə qlobal problemlərin həllində iştirakı ölkənin həm beynəlxalq nüfuzunu, həm də ABŞ ilə əlaqələrini genişləndirir. Səfər çərçivəsində müxtəlif yüksək səviyyəli görüşlərin keçirilməsi və Azərbaycan üçün əhəmiyyətli qərarların qəbul edilməsi gözlənilir”, – deyə o bildirib.
Nəsimi Ələsgərli













