FHN-dən ötən günün statistikası: Yanğın, xilasetmə, boğulma…

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 41 yanğına çıxış, üç halda köməksiz vəziyyətdə qalma və bir nəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Nazirlikdən Yenicag.az-a verilən məlumata görə, yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, ötən sutka ərzində ikisi azyaşlı olmaqla dörd nəfər, o cümlədən Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində “HOWO” markalı yük avtomobilinin yol kənarına aşması faktı üzrə həyata keçirilən qəza-xilasetmə əməliyyatı zamanı sıxılı vəziyyətdə qalan bir nəfər avtomobilin altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Həmçinin, Bakı şəhərinin Binəqədi rayonunda mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalma faktı üzrə həyata keçirilən xilasetmə əməliyyatı zamanı 1952-ci il təvəllüdlü İbrahimov Eldar Ənvər oğlunun meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Bundan başqa, Nazirliyin dalğıc-axtarış qrupu Sumqayıt şəhərində dənizdə batmış bir nəfər azyaşlının axtarış işlərinə cəlb olunub.