Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

"Formula -1" bitdi: Dövlət qazandı, yoxsa nazir?

Bakıda təşkil olunan “Formula -1” üzrə Azərbaycan Qran-Prisində ilkin qiymətləndirmələr aparılmaqdadır.

Yenicag.Az xəbər verir ki, gənclər və idman naziri Azad Rəhimov dövlət televiziyasına dünənki müsahibəsində “Formula-1” yarışlarını bütün mənalarda “uğurlu tədbir” kimi dəyərləndirib.

Rəhimovun sözlərinə görə, yarışları canlı izləyən 70 min tamaşaçının 33 faizini (təqribən 23 min nəfər) 65 ölkədən olan əcnəbilər təşkil edib. Nazirin fikrincə, “Formula -1” ərəfəsində Azərbaycana gələn xarici turistlərin AZAL-ın xidmətindən istifadə etmələri, paytaxt otellərini doldurmaları və xidmət sektorundan yararlanmaları ölkə iqtisadiyyatına ciddi fayda verib.

Bu barədə Yenicag.Az-a danışan sabiq millət vəkili, iqtisadçı Nazim Bəydəmirli hesab edir ki, “Formula -1” yarışlarının təşkilatçıları sözügedən idman tədbiri haqqında ictimaiyyəti maraqlandıran məsələlər barəsində şəffaf məlumat verməlidirlər:

“Bizdə hesabatlılıq çox aşağı səviyyədə olduğuna görə, dövlətin bu yarışlardan nə qazandığı məlum deyil. Ancaq təbii ki, Azərbaycanın tanıdılması baxımından bu tədbiri müsbət qiymətləndirmək lazımdır.
Bununla belə, hesab etmirəm ki, “Formula -1” yarışları Azərbaycana ciddi gəlir qazandırmış olsun. Əslində, əhaliyə verilən narahatlıqlar bu tipli yarışların daha çox mənfi çalarlarını ortaya çıxarır.

Eyni zamanda, dövlət vəsaitlərinin səmərəsiz xərclənməsi və marşrutun doğru-düzgün seçilməməsi də buna təsir göstərir. Ona görə də biz bununla bağlı daha çox mənfi məlumatlar oxuyuruq və o üzdən də qənaətimiz müsbət deyil.

Hər halda, dediyiniz məsələləri bu yarışların təşkilatçılarından və müəyyən işləri tendersiz-filansız həyata keçirtmiş insanlardan soruşmaq lazımdır ki, onlar şəffaf məlumat versinlər.

Bütün bunlar, həmçinin mətbuatdan aldığımız məlumatlar belə deməyə əsas verir ki, əslində, bu yarışlardan dövlət yox, monopolistlər qazanıblar.

Budəfəki “Formula-1” yarışlarının daha bir neqativ cəhəti isə bundan ibarət oldu ki, vətəndaşların Dənizkənarı Milli Parka girişi məhdudlaşdırıldı, o cümlədən şəhərin hətta yarış marşrutundan kənar hissələrində “hasarlamalar” aparıldı ki, bu da insanların rahat hərəkət etmələrinə maneə yaratdı.

Bundan başqa, keçirilən yarışlar Bakının tarixi binalarının vəziyyətinə də mənfi təsir göstərir. Fikrimcə, gələcəkdə bu məqamların nəzərə alınması lazımdır”.

Mövzu ilə bağlı Yenicag.Az-a açıqlama verən iqtisadçı Natiq Cəfərli də bu fikirdədir ki, dövlətin “Formula-1” yarışlarından qazanclı çıxdığını söyləmək üçün əsas yoxdur:

“Ümumiyyətlə, dünya təcrübəsi də göstərir ki, böyük yarışları qəbul edən ölkələrin bundan yüksək gəlir götürdüklərini söyləmək imkan xaricindədir. Əslində, böyük idman tədbirlərini təşkil edən dövlətlər bununla müəyyən infrastruktur işlərini həyata keçirtmək, özlərini təbliğ etmək və ölkəyə turist axınına nail olmağa çalışırlar. Yəni həmin yarışların təşkilinə sərf olunan dövlət vəsaitlərinin büdcəyə qaytarılması əsasən, mümkün olmur.

Yaxın tarixə nəzər saldıqda, Olimpiya Oyunlarına ev sahibliyi edən Yunanıstanın, futbol üzrə Dünya çempionatını və Olimpiya Oyunlarını təşkil etmiş Braziliyanın həmin yarışlardan sonra böhran burulğanına düşmələrini xatırlatmaq lazım gəlir.

O baxımdan, Azərbaycan rəsmilərinin “Formula -1” yarışlarından gəlir götürüldüyü barədə söylədikləri yumşaq desək, təəccüb doğurur. Onlar bu hesablamaları nə zaman və hansı metodologiya ilə aparıblar ki, belə bəyanatlar verirlər?

Doğrudur, bu ərəfədə Bakıya gələn turistləri qəbul edən otellər və xidmət sektoru əcnəbilərdən müəyyən gəlir götürüblər. Dövlətin qazancı isə onların bu gəlirlərdən ödədikləri vergi əsasında müəyyənləşir ki, bu da qısa zamanda dəqiqləşən məsələ deyil. Ona görə də, dövlətin “Formula-1”-dən yüksək gəlir götürdüyünü söyləməyə əsas yoxdur.

Əksinə, sözügedən yarışların açılış mərasimində Tarkana 600 min, bağlanışında isə Meray Kerriyə 1 milyon dollar qonorar verilibsə, hansı gəlirdən danışmaq olar? Çünki bu iki meqastara ödənilən qonorar təqribən 10 min turistin Bakıda xərclədiyi pullardan çoxdur ki, az deyil”.

A.Zeynalov

Yeniçağ.Az

www.yenicag.az

589