Emin Əmrullayevin qılıncı yenə BAŞ KƏSİR: Nazir gündəm olmaq üçün danışır?
Azərbaycanda, bəlkə də, məmurlar arasında ən çox müzakirə olunan şəxs elm və təhsil naziri Emin Əmrullayevdir.
Emin Əmrullayev nə zaman televiziya və saytlara müsahibə versə, haradasa bir çıxış etsə, gündəmi onun danışdıqları məşğul edir. Nazirin içi yeniliklərlə o qədər doludur ki, bunları izhar etmə dərdinə düşür, heç baxmır, məntiq bu işin harasındadır.
Dəfələrlə qeyd olunmaısna baxmayaraq, E. Əmrullayev müəllimləri gözümçıxdıya salan, onların etibarını sarsıdan, ictimai nüfuzuna xələl gətirən açıqlamalar verməkdən geri durmur, hətta hər keçən gün ritorikasını daha da sərtləşdirir.
Dekabrın 15-də “Real TV”yə müsahibə verən nazirin ağzından belə bir cümlə çıxıb: “Şagird yaxşı öyrənmirsə, müəllimə niyə maaş verməliyik?” Bu cümləni mətbuatı izləməyən, ictimai proseslərdən xəbərsiz birinə göstərsək, böyük ehtimalla, həmin şəxs bunu natamam orta təhsilli, yaxud təhsilsiz birinin söylədiyini deyər. Ancaq həmin cümləni elm və təhsil naziri deyib və bunu məntiqli bir şey deyirmiş ədası ilə ağzından çıxarıb.
Ancaq haqqını da verməliyik: nazir təyin edildiyi gündən etibarən tənqid edilməkdən çəkinməyən, mətbuatın sərt suallarından yayınmayan E. Əmrullayev sanki bundan hipnoz vasitəsi kimi istifadə etməyi bacarıb. Nə deməyindən asılı olmayaraq, elə bir imic formalaşdırıb ki, sanki deyilənləri qəbul edir, ancaq belə deyil, o öz bildiyindən əl çəkmir dediklərini bir-bir həyata keçirir. Günah isə hər zaman başqasındadır. Məsələn, nazir məktəbli çantalarının ağır olduğunu qəbul edir, lakin bu ağırlığın nazirliklə bir əlaqəsinin olmadığını deyir. Nazirin fikrincə, çantanın ağırlıq probleminin necə aradan qaldırılması ilə bağlı sual da yalnız Elm və Təhsil Nazirliyinə ünvanlanmalı deyil: “Bu problem hər birimizin problemidirsə, hər birimiz həll etməliyik”.
Bəli, hər birimizin problemidir, ancaq problemi yaradan cəmiyyət deyil, nazorlikdir. Heç olmasa, bunu qəbul edin, cənab nazir.
Nazirin hər cümləsi barədə yazmaq olar, lakin qeyd olunan iki məsələ də onun təhsilə yanaşmasını gün kimi üzə çıxarır.
Camal Cavanşir












