Gültəkin Hacıbəylinin Azərbaycana gətirilməsi: "Onun ifadəsi ilə istintaq genişlənə bilər"
“Gültəkin Hacıbəylinin ifadəsi ilə istintaq prosesi daha çox insanı əhatə edə bilər”.
Bunu Ramiz Mehdiyev işinin gedişatı ilə bağlı fikirlərini bölşən deputat Hikmət Babaoğlu Yenicag.az-a açıqlamasında deyib. 
H. Babaoğlu Gültəkin Hacıbəylinin Azərbaycana qayıdıb sərbəst ifadə verməkdən yayınmasının mümkün səbəblərini şərh edib:
“Heç bir şəxs, xüsusən də ictimai-siyasi məsuliyyət daşıyan heç kəs qanun qarşısında məsuliyyətdən qaçmamalıdır. Əgər hər hansı bir əməl törədilibsə və bu qanuna zidd əməldirsə, hər kəs bilməlidir ki, o nə vaxtsa, gec, ya da tez qanun qarşısında cavab verəcək. Ona görə də özünü günahkar hesab etməyənlər, ya da qanunu pozmadıqlarını iddia edənlər məsuliyyətə cəlb edildiklərini anladıqda ölkəni tərk etməməlidirlər. Ölkəni tərk edirlərsə, deməli, məsuliyyətdən yayınmağa cəhd edirlər. Gültəkin Hacıbəylinin nümunəsində də belədir”.
Deputat G. Hacıbəylinin R. Mehdiyev işində açar şəxs ola biləcəyini vurğulayıb:
“Görünür, törətdiyi əməllərin fərqində olaraq, məsuliyyət yarada biləcəyini dərk edərək ölkədən gedib. Düşünürəm ki, onun ölkəyə qayıtması və öz fəaliyyəti ilə bağlı qanun qarşısında cavab verməsi hüquqi dövlətin əsas prinsiplərindən biri olmalıdır. Gültəkin Hacıbəylinin Bakıya gəlib Azərbaycan qanunları qarşısında cavab verməkdən çəkinməsinin səbəblərindən biri elə məsuliyyətdən yayınmağa çalışmaqdır. İkincisi, məsuliyyətinin daha böyük olmasındadır deyə düşünürəm. Nəticə etibarilə söhbət G. Hacıbəylinin vətənə xəyanət ittihamı ilə istintaqa cəlb edilmiş R. Mehdiyevlə əlaqələrindən gedir. Görünür, bu əlaqələr daha genişdir, daha əhatəlidir və Hacıbəylinin ifadəsindən sonra istintaq daha çox insanı əhatə edə bilər. Ona görə də bütün hallarda Hacıbəyli məsuliyyətdən yayınmağa çalışır”.
Nurlan Cəfəri












