“Galatasaray” Senne Lammens üçün danışıqları İNTENSİVLƏŞDİRDİ
“Galatasaray” transfer çalışmalarını davam etdirir. Komandanın uzunillik əsas qapıçısı Fernando Musleranın ayrılmasından sonra “sarı-qırmızılar” dünya səviyyəli yeni qolkiper axtarışlarını sürətləndirib. Lakin indiyədək aparılan danışıqlar istənilən nəticəni verməyib.
Yenicag.az xəbər verir ki, İstanbul təmsilçisi hazırda Belçikanın “Antwerpen” klubunda çıxış edən gənc və perspektivli qapıçı Senne Lammensi transfer etmək üçün ciddi səylər göstərir. 22 yaşlı qolkiper 2027-ci ilə qədər “Antwerpen” ilə müqaviləyə malik olsa da, “Galatasaray” onu heyətinə qatmaqda israrlıdır.
Belçika klubu Lammens üçün 10 milyon avroluq qiymət müəyyən edib və bu məbləğin altındakı təklifləri qəbul etməməyi qərara alıb. “Galatasaray” isə bu transferi reallaşdırmaq üçün bütün imkanlarını səfərbər edib və qarşı tərəflə danışıqları davam etdirir.
Qeyd edək ki, Senne Lammens ötən mövsüm “Antwerpen”in heyətində 44 oyunda meydana çıxıb, 56 qol buraxıb və 10 qarşılaşmada qapısını toxunulmaz saxlayıb. Statistik göstəricilərə görə, o, hər matçda orta hesabla 1,3 qol buraxıb. “Galatasaray” rəhbərliyi yaxın günlərdə bu transferin yekunlaşacağına ümid edir.
Göycə Göycəyev