“Gec-tez öz ordusunu qurmaq məcburiyyətində qalacaq” – Avropa bu dəfə də SİLAHLANIR
“Avropa öz ordusunu qurmaq məcburiyyətində qalacaq”.
Bu sözləri Avropa ölkələrinin silahlanmaya getməsini Yenicag.az-a dəyərləndirən politoloq Qabil Hüseynli deyib.
Onun sözlərinə görə, Avropa öz ordusunu quracaq:
“Avropanın müdafiə qüvvələrinin yaradılması haqqında fikirlər meydana çıxıb. Son 10 ildə bu fikir dəfələrlə ortaya atılıb. Bunun müəllifi də Fransa olub. O zaman NATO möhkəm və həmrəy idi və bu tip fikirlər təxribat, NATO-nu gözdən salmaq kimi qiymətləndirilirdi. Ancaq indi vəziyyət dəyişib. Tramp hakimiyyətə gələn kimi “NATO-nu saxlamağa ehtiyac yoxdur” kimi fikir ortaya atıb. Tramp bildirir ki, ABŞ Avropanı öz çiynində saxlayıb, NATO-nun böyük xərclərini çəkiblər və bundan sonra bunu etmək niyyətində deyillər”.
“Tramp Avropa dövlətlərindən tələb etdi ki, hərbi xərclərini 4 faizə qaldırsınlar. Avropalılar buna etiraz etmirlər, ancaq bunun tədricən edilməsini istəyirlər. Doğrudan da uzun müddətdir ki, Avropa dövlətləri sosial xərcləri daha çox edirdi, hərbi xərcləri isə minimal səviyyədə saxlayırdılar. Birdən-birə 2 dəfədən artıq hərbi xərci artırmaq ölkələrin sosial proqramlarına zərər vuracaq. Avropa ölkələri artıq fərdi qaydada öz hərbi xərclərini və ordularının sayını artırmaq yönündə fəaliyyət göstərir. Gec-tez Avropa öz ordusunu qurmaq məcburiyyətində qalacaq. Hətta bu yöndə vəsait də toplanır”, – deyə o, fikirlərini tamamlayıb.
Səxavət Məmməd