Gedən cismin, qalan ruhundur – Yenidən doğuluşun mübarək, şair!
Bu yerlər göylərin kəsik dilimi,
O yerə, bu göyə maraq acıyam!
Çarmıxa çəkmişəm neçə ilimi,
Mən başdan-ayağa dar ağacıyam!
Bu dünyadan bir şair köçdü. Özü Vətən, sözü Vətən, ruhu Vətən kəlməsindən yoğurulan böyük şair. Ömrünün bir hissəsini qürbət eldə keçirdi, amma bütöv Vətən kimi yaşadı. Vətən həsrətini ağ kağıza köçürüb, misraları misralara caladı. Vətən söylədi, Vətən hayqırdı, Vətəni ruhuna hopdurub Vətənləşdi Məmməd İsmayıl. Təkcə şair kimi ürəklərə köç etmədi, elə insan kimi də həyatını mərd yaşadı.
Bu gün elə sanmayın ki, şairin qələmi, ürəyi, ruhu susdu, yox! Elə insanlar var ki, qismətinə, qədərinə yazılan ömür payının vaxtı, vədəsi olmur. Limitsiz ömür payına sahib olurlar. Məmməd İsmayıl da o insanlardandır. Cismani ömrünü başa vurub ruhani ömrünü davam etdirir. Sələfi ölməz Nəsiminin təbirincə desəm, bu dünyadan köçən onun solğun, taqətsiz cismidir. Qalansa daim diri və duru olan yenilməz ruhudur. Odur ki, bu gün “cismim son mənzilə, ruhumsa yenidən yaşamağa davam” deyib ömrünün əbədi baharına keçid edir Məmməd İsmayıl. Yenidən doğuluşun mübarək, şair!
Cəvahir