Bayden Qafqazı necə birləşdirdi? – Aqil Ələsgər üç liderin ortaq narazılığının anatomiyasını yazdı
“2020 və 2024-cü illəri yada salsaq, o zaman əksinə, məhz keçmiş administrasiya dövlət təsisatlarına qarşı sabotajı və boykotu dəstəkləyirdi. İndi görürsünüz ki, bu yanaşma dəyişib və bu, çox vacibdir”.
Gürcüstan Baş naziri İrakli Kobaxidzenin bu sözləri əslində təkcə ABŞ-Gürcüstan münasibətləri ilə bağlı deyil. Bu açıqlama son illərdə Cənubi Qafqazda formalaşan yeni siyasi baxışın açıq ifadəsidir. Çünki artıq regionun bir çox ölkəsində Bayden administrasiyasına qarşı ciddi narazılıq, Donald Trampın təmsil etdiyi siyasi xəttə qarşı isə daha pozitiv münasibət formalaşıb.
Tbilisi açıq şəkildə hesab edir ki, Bayden administrasiyası dövründə Gürcüstanda müxalifətin radikallaşdırılması, dövlət institutlarının boykot edilməsi və küçə siyasətinin təşviqi baş verib. Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili isə bunu daha sərt formada ifadə edib. O bildirib ki, radikal müxalifət Bayden administrasiyasının təsiri ilə parlament mandatlarından imtina etdi və indi bunun siyasi nəticələrini yaşayır.
Əslində Gürcüstan hakimiyyətinin dedikləri Azərbaycanda da uzun illərdir səsləndirilən fikirlərlə üst-üstə düşür. Prezident İlham Əliyev dəfələrlə Qərbdə, xüsusilə Demokrat administrasiyalar dövründə Azərbaycana qarşı ikili standartların tətbiq olunduğunu bildirib. İlham Əliyev müxtəlif çıxışlarında qeyd edib ki, bəzi Qərb dairələri demokratiya və insan haqları şüarlarından siyasi təzyiq vasitəsi kimi istifadə edir.
Prezidentin diqqət çəkən mesajlarından biri belə idi:
“Bizim daxili işimizə heç kim qarışa bilməz və qarışmamalıdır”.
Bu yanaşma əslində həm Bakı, həm də Tbilisinin ortaq mövqeyini göstərir. Hər iki ölkə hesab edir ki, Demokrat administrasiyaları dövründə “rəngli inqilab”, “demokratik keçid”, “vətəndaş cəmiyyəti layihələri” adı altında postsovet ölkələrinin daxili siyasi balansına müdaxilə edilməyə çalışılıb.
Xüsusilə USAID, NED və müxtəlif Qərb fondlarının fəaliyyəti region ölkələrində artıq siyasi alət kimi qəbul olunur. Gürcüstanda “xarici agentlər haqqında qanun”un qəbul edilməsinin əsas səbəbi də bu idi. Tbilisi hesab edir ki, xaricdən maliyyələşən strukturlar vasitəsilə hakimiyyət dəyişikliyi ssenariləri hazırlanırdı. Azərbaycanda isə oxşar səbəblərlə QHT sektoruna və xarici maliyyələşməyə illər əvvəl ciddi nəzarət tətbiq edilmişdi.
Donald Trampın siyasi xətti isə region ölkələri tərəfindən daha fərqli qiymətləndirilir. Çünki Tramp administrasiyası adətən ideoloji təzyiq siyasətindən çox praqmatik əməkdaşlığa üstünlük verir. Başqa sözlə, Tramp üçün əsas məsələ hakimiyyətlərin necə idarə olunması yox, ABŞ maraqları ilə işləyib-işləməməsidir. Bu da Cənubi Qafqaz ölkələrinin mövcud hakimiyyətləri üçün daha rahat model hesab olunur.
Məhz buna görə bu gün həm Azərbaycan, həm Gürcüstan Vaşinqtonda Respublikaçılarla münasibətlərin güclənməsini daha müsbət qarşılayır. Maraqlıdır ki, Ermənistan da eyni istiqamətdə hərəkət edir. Nikol Paşinyan uzun müddət Qərbə yaxın siyasətçi kimi təqdim olunsa da, son dövrdə İrəvan da Tramp komandasına yaxın çevrələrlə əlaqələri gücləndirməyə çalışır. Çünki Ermənistan hakimiyyəti də anlayır ki, Tramp administrasiyası daxili siyasi proseslərə Demokratlar qədər müdaxilə etməyəcək.
Beləliklə, Cənubi Qafqazda yeni geosiyasi tendensiya yaranır. Region ölkələri arasında siyasi fərqlər qalsa da, Bayden administrasiyasına münasibətdə oxşar narazılıq mövcuddur. Əvəzində Trampın yanaşması daha praqmatik, daha az ideoloji və mövcud hakimiyyətlərlə işləməyə əsaslanan model kimi qəbul edilir. Bu isə yaxın illərdə ABŞ-Cənubi Qafqaz münasibətlərinin tamamilə yeni mərhələyə keçə biləcəyini göstərir.












