Deputat: "Qarabağ və Şərqi Zəngəzurda məskunlaşan əhalinin layiqli həyat şəraitinin təmin edilməsi dövlət siyasətinin əsas hədəfidir"
“Əsas məqsəd yalnız insanları doğma torpaqlarına qaytarmaq deyil, onların həmin ərazilərdə layiqli həyat şəraitinə malik olmalarını təmin etməkdir.”
Bu sözləri Yenicag.aza-a çıqlamasında Milli Məclisin deputatı Elnarə Akimova bildirib.

Deputat “İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşdırma Fondu” yaradılması və keçmiş məcburi köçkünlərin Qarabağ və Şərqi Zəngəzurda yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində dövlətin atdığı mühüm addımlardan danışıb:
“Məcburi köçkünlərin sosial müdafiəsi Azərbaycanda uzun illər dövlət siyasətinin ən həssas və prioritet istiqamətlərindən biri olub. Torpaqlarımızın işğalı nəticəsində doğma yurdlarından didərgin düşmüş yüz minlərlə insanın yaşayış şəraitinin yaxşılaşdırılması, onların sosial rifahının təmin olunması və gələcəyə inamının qorunması istiqamətində dövlət tərəfindən ardıcıl və sistemli addımlar atılıb. Bu gün Böyük Qayıdış proqramının uğurla həyata keçirilməsi yeni bir mərhələnin başlanğıcıdır. İnsanlar artıq onilliklər boyu həsrətində olduqları doğma torpaqlarına qayıdır, yeni yaşayış məntəqələri qurulur, məktəblər, xəstəxanalar, sosial obyektlər istifadəyə verilir. Lakin qayıdış prosesinin başlaması dövlətin sosial məsuliyyətinin azalması demək deyil. Əksinə, bu mərhələdə sosial dəstəyin davamlılığı xüsusi əhəmiyyət daşıyır. Məhz buna görə də ünvanlı sosial yardım, məşğulluq proqramları, təhsil imkanları və digər sosial müdafiə mexanizmlərinin qüvvədə saxlanılması mühüm qərardır. Çünki əsas məqsəd yalnız insanları doğma torpaqlarına qaytarmaq deyil, onların həmin ərazilərdə layiqli həyat şəraitinə malik olmalarını təmin etməkdir. Dünya təcrübəsi göstərir ki, münaqişədən sonrakı dövrdə əhalinin sosial təminatı və məşğulluğu davamlı sülhün əsas şərtlərindən biridir. İnsanların gələcəyə inamı, sabit gəlir imkanları və sosial müdafiəsi olmadan bərpa və reinteqrasiya proseslərinin tam uğurlu olması mümkün deyil.”
E. Akimova qeyd edib ki, Azərbaycan hökuməti tərəfindən son illərdə keçmiş məcburi köçkünlərin təminatı ən yüksək həddə çatdırılıb və işğaldan azad edilmiş ərazilərdə yaşamaq üçün tam əlverişli şərait qurulub. Eyni zamanda onlara dövlət dəstəyinin hər dövrdə davam edəcəyini diqqətə çatdıran deputat qeyd edib:
“Azərbaycan dövləti son illərdə həyata keçirdiyi sosial proqramlarla göstərib ki, vətəndaş amili hər zaman siyasətin mərkəzində dayanır. Məcburi köçkün ailələrinə göstərilən diqqət və qayğının davam etdirilməsi də məhz bu siyasətin məntiqi davamıdır. Bu, təkcə sosial dəstək deyil, həm də uzun illər çətinliklərə sinə gərmiş insanların fədakarlığına və səbrinə verilən yüksək qiymətdir. Bu gün Böyük Qayıdış təkcə coğrafi qayıdış deyil. Bu, insanların öz evlərinə, öz xatirələrinə, öz gələcəyinə qayıdışıdır. Dövlət tərəfindən sosial təminat mexanizmlərinin qorunub saxlanılması isə bu tarixi prosesin dayanıqlı və uğurlu şəkildə davam etməsinin ən mühüm təminatlarından biridir. Çünki güclü dövlət ilk növbədə öz vətəndaşının yanında olan dövlətdir.”
Nurlan Cəfəri












