Gediş haqqının artırılmasının SƏBƏBLƏRİ: “Daşıyıcı şirkətlər Tarif Şurasına müraciət etsə də…” – Nəqliyyat eksperti
“Daşıyıcı şirkətlər və Metropoliten öz daşıyıcıları hesabına xərclərini ödəməyə çalışır”.
Bu sözləri ictimai nəqliyyatda gedişhaqqının artırılmasına münasibət bildirən nəqliyyat eksperti Aslan Əsədov Yenicag.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, nəqliyyat sektorundakı müvafiq qurumların öz xərclərini ödəməsi və ziyana düşməməsi üçün qiymətlər bahalaşıb:
“İctimai nəqliyyatda gedişhaqqı 33 faiz bahalaşdı. Bir müddət öncə daşıyıcı şirkətlər dövlət qarşısında məsələ qaldıraraq qiymətlərə yenidən baxılmasını tələb etmişdilər. Daşıyıcı şirkətlər maliyyə hesabatlarına əsaslanaraq, hazırda sərnişindaşımada mövcud olan gedişhaqqının (30 qəpik) nəinki investisiya layihələri, hətta əməliyyat xərclərinin qarşılanması üçün yetərli olmadığını bildirmişdilər. Ona görə də yaranmış şəraitlə əlaqədar şirkətlərin parklarında olan təxminən 700-dən artıq avtobus sərnişinlərə xidmət göstərə bilmir. Digər tələb isə 1 yanvar 2025-ci il tarixindən etibarən Bakı şəhərində yalnız elektrik və ya CNG (sıxılmış təbii qaz) yanacağı ilə çalışan avtobusların istismara qəbul ediləcəyi ilə bağlı idi. Bu baxımdan daşıyıcı şirkətlər dəfələrlə Tarif Şurasına müraciət etmişdilər. Əvvəlki müraciətlərdə dövlət tərəfindən daşıyıcı şirkətlərə sərf edəcək qərar verilməsə də, sonda qərar qəbul olundu.
Metroda gedişhaqqının artırılmasına isə yeni qatar xətlərinin çəkilməsi, tunellərin qazılması və yenidənqurma-bərpa işlərinin həyata keçirilməsi kimi amillər təsir edir. Bütün hallarda pandemiya dövründə metrodan istifadə edənlərin sayı kəskin sayda aşağı düşdüyü üçün gedişhaqqının artırılması təklif edilsə də, cəmiyyət tərəfindən müsbət yanaşma olmamışdı. Bu gün dövlətin digər strateji məsələlərə daha çox vəsait ayırması və Metropoliteni dotasiyalarla təmin etmək istəməməsi açıq şəkildə hiss olunur. Dövlət Metropolitenə əlavə xərclər yönləndirmək istəmir. Ona görə də Metropoliten öz daşıyıcıları hesabına xərclərini ödəməyə çalışır. Bu baxımdan gedişhaqqı məbləğinin dəyişdirilməsina rəvac görülüb”.
Gülşən Şərif