!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Tarif Şurasının statusu məsələsi: "Belə çıxır ki, qiyməti xalqın vəziyyətinin yaxşılaşması üçün artırırlar" - Deputat

!Reklam – Yazi

“İkinci dərəcəli orqan olan Tarif Şurası bütün birinci dərəcəli orqanlara və dövlət strukturlarına aid olan qərar qəbul edir”.

Bu fikirləri prezident İlham Əliyevin “Tarif (qiymət) Şurası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 26 dekabr 2005-ci il tarixli fərmanını ləğv etməsi və Şuranın icra hakimiyyəti orqanı kimi statusunun ləğv edilərək onun ictimai əsaslarla fəaliyyət göstərən katibliyinin yaradılmasına münasibət bildirən millət vəkili Tahir Kərimli Yenicag.az-a açıqlamasında deyib.

Tahir Kərimli bildirib ki, prezidentin sözügedən qərarı müsbət addımdır:

“Milli Məclisdəki çıxışlarımızı, ictimai rəyi nəzərə alaraq prezident zaman-zaman başqa hüquqi addımlar da atır. Tarif Şurası ilə bağlı da bu cür addım atıldı. Mən prezidentin bu addımını qiymətləndirirəm. Tarif Şurası faktiki olaraq ictimai toplantı idi. İqtisadiyyat naziri rəhbərlik edirdi, digər nazirliklər də orada müavinlər səviyyəsində təmsil olunurdu. Şura, haradasa, ictimai-kollegial orqan funksiyasını daşıyırdı. Şurada təmsil olunan qurumlar icra hakimiyyəti orqanları olduğu üçün ona icra hakimiyyəti orqanı statusu verilmişdi. Bu da hökumət strukturları ilə paralellik, artıqlıq və gərəksizlik yaradırdı.

İcra strukturlarının həm təşkilati-institusional, həm də kadr nöqteyi-nəzərindən belə çoxlu olması rəğbətlə qarşılanmırdı. Ona görə də hesab edirəm ki, bu addım doğrudur. Əlbəttə, katibliyin yaradılması da məni razı salır. Katiblik özü qərar verən orqan olmayacaq. Sadəcə təşkilati orqan olacaq. Bu, yaxşıdır, böyük bir addımdır”.

Millət vəkili qeyd edib ki, qiymət siyasəti hansısa şura tərəfindən deyil, hökumət tərəfindən həyata keçirilməlidir:

“Amma bütövlükdə hesab edirəm ki, bütün çıxışlarımda da hər zaman demişəm ki, qiymət siyasəti hökumətin işidir. Bu, Konstitusiya ilə də belədir. Üstəlik, qiymət siyasəti hüquqi aktlarla olmalıdır, qeyri-normativ hüquqi aktlarla yox. Fərqi belə izah edim ki, qeyri-normativ hüquqi aktlar ancaq bir sahəni əhatə edir, yaxud bir məsələyə aid olur. Ancaq qiymət məsələsi bütün fiziki və hüquqi şəxslərə aid olur axı. Ona görə də hesab edirəm ki, qiymət Nazirlər Kabinetinin normativ hüquqi aktı ilə tənzim olunmalıdır. Bunun bütün xalqa dəxli var və millətə aid olan məsələdir.

Sonuncu dəfə hökumət hesabat verən zaman Tarif Şurası ilə bağlı məsələ qaldırmışdım. Mənə cavab verildi ki, Tarif Şurası qiymət siyasətinin optimallaşdırılması, humanistləşdirilməsi və sosial problemlərin həlli fuksiyalarını yerinə yetirir. Mən də dedim ki, belə çıxır ki, qiyməti xalqın vəziyyətinin yaxşılaşması üçün artırırlar. Ona görə də mənim narazılığım durur. İnşallah, gün o gün olsun ki, qiymət siyasətini hökumət öz üzərinə götürsün.

Açıq danışaq. Əgər biz həqiqi bazar iqtisadiyyatıyıqsa, bu, formal xarakter daşımırsa, qiyməti bazar tənzimləməlidir. Əgər belə deyilsə, dövlətin iqtisadiyyata, maliyyə resurslarına nəzarəti varsa, bunu dövlət öz üzərinə götürübsə, dövlətin inhisarı hiss olunursa, əlbəttə, onda tənzimetməni hökumət özü birbaşa həyata keçirməlidir.

İkinci dərəcəli orqan olan Tarif Şurası bütün birinci dərəcəli orqanlara və dövlət strukturlarına aid olan qərar qəbul edir. Ona görə də gələcəkdə Tarif Şurası ilə bağlı məsələyə bir daha baxmaq lazımdır”.

Aqil Bəkir

COP29

www.yenicag.az

785
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv