Gəncədə neçə avtobus “Bakı Bus”a verilib?
Bakı Bus MMC Gəncə şəhərində 18 mövcud və 2 yeni marşrut xətti üzrə fəaliyyət göstərəcək.
Yenicag.az xəbər verir ki, bunu Prezidentin izi ilə Bakı Bus MMC-nin Gəncə Avtoparkına təşkil edilən mediatur çərçivəsində jurnalistlərə açıqlamasında qurumun sözçüsü Əsmər Əliyeva deyib.
Onun sözlərinə görə, Gəncədə fəaliyyət göstərən bütün avtobuslarda gedişhaqqını müxtəlif üsullarla ödəmək mümkündür:
“Ümumi sahəsi 10 hektar olan Bakı Bus MMC-nin Gəncə Avtoparkında texniki baxış və təmir postları, avtomatlaşdırılmış uçot sistemli yanacaq təsərrüfatı, saatda 60 avtobusun yuyulması gücünə malik kompleks inşa edilib. Avtobus parkının yaradılması ilə 675 nəfər işlə təmin olunub. Bakı Bus MMC Gəncə şəhərində 18 mövcud və 2 yeni marşrut xətti üzrə fəaliyyət göstərəcək. Şəhərə yüksək ekoloji standarta – EURO6-ya cavab verən 280 avtobus gətirilib ki, onlardan da 45-i 54, 186-sı 63, 49-u isə 102 sərnişin tutumuna malikdir.
Gəncədə fəaliyyət göstərən bütün avtobuslarda gedişhaqqını “CityCard” nağdsız ödəniş sistemi, istənilən bank kartları, həmçinin mobil ödəniş vasitələri ilə ödəmək mümkündür”.