“Sahibkarlıq iqtisadiyyatın vacib və önəmli hissəsi, media isə ictimaiyyətdə fikir formalaşdıran vasitədir”.
Yenicag.az xəbər verir ki, bu fikirləri bu fikirləri İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu, Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyası və Azərbaycan-Türkiyə-Özbəkistan İş Adamları Birliyinin tərəfdaşlığı, “Adalia Agency”nin təşkilatçılığı ilə həyata keçirilən “Sahibkarlıqda Media” Forumunda çıxış edən Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.
Millət vəkilinin sözlərinə görə, dövlət sahibkarlara dəstək məqsədi ilə bütün imkanları açıq şəkildə ortaya qoyur:
“Fikrimcə, belə tədbirlər davamlı və dayanıqlı olmalıdır. Bu gün bu forumda universitetləri də görmək çox xoş olardı. Ali təhsil müəssisələrimizin bu cür platformalara ehtiyacı var. Gənclərimiz müəyyən bacarıqları olan belə platformalardan maliyyə savadlılığı, rəqəmsal marketinq sahəsində sahibkarlarla öz fikirlərini bölüşərək yararlana bilirlər.
Hesab edirəm ki, sahibkarlıq iqtisadiyyatın vacib və önəmli hissəsi, media isə ictimaiyyətdə fikir formalaşdıran vasitədir. Fikrimcə, media ilə sahibkarlığın bir arada olması düzgün işin təməlini qoyacaq. Bu gün sahibkarlarımız yenilikçi olmağa can atmalıdır. Qonşu ölkələrə baxsaq, çoxlu sayda maraqlı startaplar həyata keçirildiyinin şahidi olarıq. Azərbaycanda da bu startaplar inkişaf etdirilməlidir.
Dövlətimiz sahibkarlara dəstək məqsədi ilə bütün imkanları açıq şəkildə ortaya qoyur. Düşünürəm ki, qarşıdan gələn COP29 kimi böyük tədbirdə sahibkarların və mətbuatın müəyyən qədər rolu olmalıdır”.
İsmayıl Bakuvi
www.yenicag.az