General Dro, Njde və “Daşnaksutyun” – Ermənistan faşizmin köklərini hələ də TƏMİZLƏMƏYİB
“Azərbaycan torpaqlarını işğalı, xalqımıza qarşı törədilən qətliam, soyqırımı, genosidin də arxasında hər zaman bu düşüncə dayanıb. Soydaşlarımızın Qərbi Azərbaycandan qovulması, Qarabağda törədilən vandalizmlərdə erməni faşizminin şahidi olmuşuq”.
Bunu Yenicag.az-a açıqlamasında siyasi şərhçi Rəfail Becanov deyib.
O, son günlər Ermənistanda gündəmə gələn İkinci Dünya müharibəsi mövzusu ilə bağlı fikirlərini səsləndirib.
Əgər Almaniya qalib olsaydı, ermənilərin “Böyük Ermənistan” layihəsinə yaşıl işıq yanacağı mövzusunda apardığı müzakirələr barədə siyasi şərhçi bildirib ki, Ermənistan reallıq hissini itirib və arzular dünyasında yaşamağa hələ də davam edir:
“Orada kimin hansı yolla hakimiyyətə gəlməsindən asılı olmayaraq, düçar olduqları xəstəlikdən xilas olmaq şansları yoxdur. Ermənistana “Absurdistan ölkəsi” kimi baxmaq lazımdır. Tutaq ki, faşizm qalib gəlsəydi, hansı kriteriyasına görə “Böyük Ermənistan” projesini reallaşdırmalıydı? Təbii ki, bunlar ötən əsrdə də, bu əsrdə də, növbəti əsrdə də eyni xülya ilə yaşayacaqlar”.
Onun sözlərinə görə, faşizmin bir ölkəyə və ya millətə mənsubluğu yoxdur:
“Faşizm bir ideoloji düşüncə sistemidir və Ermənistanda əksəriyyət bu düşüncənin daşıyıcısıdır. Ermənistan faşizminin tarixini bilmək üçün “Daşnaksutyun”un, İkinci Dünya müharibəsi illərində general Dro və Qareqin Njdenin fəaliyyətlərinə nəzər salmaq lazımdır. Özlərinin düşüncə sistemləri faşizm olduğundan hesab edirlər ki, Hitler Almaniyası və faşizm qələbə qazansaydı, bunlar da o düşüncələrini qonşu ölkələrə və xalqlara qarşı reallaşdıra bilərdilər”.
R. Becanov xatırladıb ki, Azərbaycan torpaqlarını işğalını, xalqımıza qarşı törədilən qətliam, soyqırım, genosidin də arxasında hər zaman bu düşüncə dayanıb:
“Soydaşlarımızın Qərbi Azərbaycandan qovulması, Qarabağda törədilən vandalizmlərdə erməni faşizminin şahidi olmuşuq. Bütün bunlar tarixi faktlardır. Ermənistan hələ də faşizm düşüncəsindən əl çəkmək istəmir. Buna görə də uçurum qarşısındadır. Regional layihələrdən kənar qalıb, sosial-iqtisadi böhran yaşayır.
Hərbi və siyasi böhran da göz qabağındadır. 44 günə Azərbaycan ordusunun qarşısında tarmar olan Ermənistan üçün indiki mərhələdə əsas müzakirə Azərbaycanla sülh müqaviləsi və bunun nəticəsində dünyaya açılmaq olmalıdır. Lakin hələ də xülyalardan, darmadağın olunmuş “Böyük Ermənistan” ideyasından əl çəkmirlər”.
“Real Ermənistan artıq yox olmaq həddindədir. Siyasi böhran, qarşılıqlı ittihamlar və vətəndaş müharibəsinin ilk işartılarının mövcudluğu Ermənistanı qarşıda böyük bir böhranın gözlədiyini xəbər verir. Növbəti seçkilərdən sonra Ermənistanda qarşıdurma elə bir forma alacaq ki, vətəndaş müharibəsinə keçidə qədər bütün ssenarilər mümkündür. Xilas yolu sülh və regional sabitliyə nail olmaq üçün Azərbaycanla və bunun nəticəsi olaraq da, Türkiyə ilə münasibətləri normallaşdırmaqdır. Təəssüf ki, Ermənistanda hələ də bunu anlamırlar”, – deyə o fikirlərini tamamlayıb.
Nəsimi Ələsgərli