Cənubi Qafqazda ikinci GÜRCÜSTAN SSENARİSİ: "ABŞ-ın passivliyi Rusiyanın əlini gücləndirir”

media-hightechnic-468x90

“Əgər ABŞ Zəngəzur dəhlizinin və ya “Tramp marşrutu”nun reallaşmasını istəyirsə, Paşinyanın seçkilərdə qalib gəlməsi vacibdir.”

Bunu Yenicag.az-a açıqlamasında politoloq Abutalıb Səmədov deyib.

media-abutalib_semedov

Politoloq Kiçik Trampın Ermənistana nəzərdə tutulan səfərinin ləğvinin ölkənin beynəlxalq imicinə və ABŞ–Ermənistan münasibətlərinə necə təsir edə biləcəyini şərh edib.

Abutalıb Səmədov bildirib ki, Karapetyanın Taker Karlsona verdiyi müsahibədə Ermənistan hökumətinin Erməni kilsəsinə qarşı hücumları barədə səsləndirdiyi fikirlər Kiçik Trampı müəyyən qədər narahat edib.

“Lakin bu, səfərin tamamilə ləğvi deyil, sadəcə təxirə salınması ola bilər. Çünki Trampın ikinci tərəfin mövqeyini də dinləməsi və məsələnin mahiyyətini dərindən öyrənməsi vacibdir. Əgər səfərin ləğvi ilə bağlı yekun qərar verilsə və Kiçik Tramp Ermənistana səfər etməsə, bu, Ermənistanın baş naziri Nikol Paşinyanın nüfuzuna ciddi zərbə olacaq. Nəticədə Rusiya yönümlü qüvvələr isə güclənəcək.

Tramp administrasiyası zəruri məlumatları əldə etdikdən və Paşinyan tərəfinin mövqeyini öyrəndikdən sonra Kiçik Tramp Ermənistana səfər edəcək. ABŞ artıq Ermənistanla münasibətlərdə daha fəal olmalıdır. Ən azı Rusiya qədər təşəbbüskar davranmaq lazımdır ki, qarşıdakı seçkilərdə Paşinyan qalib gələ bilsin. Əks halda Rusiya yönümlü qüvvələr, o cümlədən Kilsə, bəzi sahibkarlar, həmçinin Koçaryan və bəlkə də Sarkisyan parlament seçkilərində üstünlük qazanaraq Ermənistanın xarici siyasət kursunu kəskin şəkildə dəyişə bilərlər.”

Politoloq hesab edir ki, əgər ABŞ bu istiqamətdə aktivlik göstərməsə, regionda “ikinci Gürcüstan ssenarisi” baş verə bilər:

“Bu halda ikinci Gürcüstan ssenarisi” baş verə bilər ki, bu da Cənubi Qafqazda ABŞ-nin və Qərbin təsirinin xeyli azalmasına, Rusiyanın isə bölgədə möhkəmlənməsinə gətirib çıxarar. Bu məsələlər Prezident Trampın oğluna izah edildikdən sonra o, daha dəqiq və məqsədyönlü proqram əsasında Ermənistana səfər edəcək.”

Abutalıb Səmədovun sözlərinə görə, səfər təkcə Paşinyan üçün deyil, həm də Donald Tramp üçün mühüm əhəmiyyət daşıyır:

“Səfər təkcə Paşinyan üçün deyil, həm də Donald Tramp üçün mühüm əhəmiyyət daşıyır. Əgər ABŞ Zəngəzur dəhlizinin və ya “Tramp marşrutu”nun reallaşmasını istəyirsə, Paşinyanın seçkilərdə qalib gəlməsi vacibdir. Əks halda “Tramp marşrutu” yalnız xəyal olaraq qalacaq.

Səfərin təxirə salınması isə ABŞ–Ermənistan münasibətlərinə mənfi təsir göstərməyəcək, əksinə, gələcəkdə bu münasibətlərin daha da inkişafı üçün zəmin yaradacaq. Bölgəmizin belə pozitiv dinamizmə ehtiyacı var. Yoxsa Rusiyanın bölgədəki təsirini azaltmaq və gələcəkdə onu tam neytrallaşdırmaq çox çətin olacaq,” – deyə politoloq bildirib”

Xatırladaq ki, noyabrın 7-də qalmaqallı amerikalı siyasi şərhçi Taker Karlsonun “YouTube” kanalında Ermənistanda həbs edilmiş oliqarx Samvel Karapetyanın qardaşı oğlu Narek Karapetyanla müsahibə yayımlanıb. Müsahibədə “kilsəyə hücum” iddiası səslənməsindən sonra kiçik Tramp Ermənistana səfər planından imtina edib.

Nəsimi Ələsgərli

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 12.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa